Ali Məhkəmə gənc həkimi maşınla vurub öldürən sürücü ilə bağlı şikayəti təmin etdi

Ali Məhkəmə gənc həkimi maşınla vurub öldürən sürücü ilə bağlı şikayəti təmin etdi

Paytaxtın Parlament prospektində piyada zolağında vurulan 28 yaşlı həkim Lalə Sadayzadənin ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblı ilə bağlı Ali Məhkəmədə zərərçəkmiş tərəfin kasassiya şikayətinə və Baş Prokurorluğun protestinə baxılıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, zərərçəkmiş tərəfin kassasiya şikayəti və Baş prokurorluğun protesti təmin edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Qeyd edək ki, qəza hadisəsi bu il yanvarın 18-də Səbail rayonunun Parlament prospektində - Lalə Sadayzadənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib. Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən həkim-kordioloq Lalə Sadayzadəni vurub. Nəticədə gənc həkim hadisə yerində ölüb.

L.Sadayzadənin ölümünə səbəb olan sürücü Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə Sabir Talıblının cəzası dəyişdirilərək 4 il 6 aya endirilib. Həmçinin, məhkəmə S.Talıblının cəzasını cəzaçəkmə müəssisəndə deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb.

Baş prokurorluq həmin qərardan Ali Məhkəməyə kassasiya protesti, zərərçəkmiş tərəf isə kassasiya şikayəti verib.

“İstintaq sənədlərində sürət həddi 60km/saat göstərilib. Amma Laləni vuran avtomobil çox yüksək sürətlə hərəkət edib. Çünki o cür yüksək sürətlə hərəkət etməsəydi, biz Laləni itirməzdik. Övladımı vurub piyada xəttindən 20 metr qarşıya tullayıb. Bu, sürət həddinin yüksək olmasını göstərir”- mərhumun anası Gülsüm İsmayılova bildirib.

İnarə Rafiqqızı

Virtualaz.org

Mənbə: virtualaz.org