BDU-nun 3 tələbəsi zəhərləndi: ölən var - YENİLƏNİB + FOTOLAR

BDU-nun 3 tələbəsi zəhərləndi: ölən var - YENİLƏNİB + FOTOLAR

“İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib. 

O bildirib ki, tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb: “3 tələbə olub otaqda. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Ailəsinə başsağlığı veririk. 

Prorektor əlavə edib ki, digər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır: “Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir. Bu hadisədən çox təəssüflənirik...”

Əliş Ağamirzəyev BDU-nun tələbələrinə tövsiyə də verib: “Öz qidalarına, gigiyenik qaydalara riayət etsinlər ki, belə bədbəxt hadisələr baş verməsin”. 

Prorektor vurğulayıb ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər. 

***

Dilrubə Quliyevanın əmisi İlqar Quliyev qardaşı qızının vəziyyəti ilə bağlı açıqlama verib. O, tələbələrin qidadan zəhərləndiyini qeyd edib:

"Qida zəhərlənməsidir. Vəziyyətləri kritik olsa da, baş həkimlə görüşdüm, ümidverici danışdı. Üçü də eyni balıqdan zəhərlənib".

***

Xəbər verdiyimiz kimi, BDU-nun yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri ölüb, digərlərinin vəziyyəti ağırdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zəhərlənmə halı ötən axşam müşahidə olunub. Belə ki, tələbə qızlar gecə Təcili Tibbi Yardım çağırıb. Həkimlər zəhərlənmə olduğunu bildirərək qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr imtina edib. Müalicə ambulator şəraitdə davam edib.

Səhər yenidən Təcili Tibbi Yardım çağırılıb. Bu zaman artıq bir tələbənin öldüyü məlum olub. 

Zəhərlənmə səbəbi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızlar huşsuz vəziyyətdə tapılıb və ağızlarından qan gəlib.

***

Ölən tələbəninin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib.

***

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.

***

Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

14:18

Bakı Dövlət Universitetinin 2 №-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub. 

Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, tapılan qızların ağızlarından qan gəlib. 

Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Zəhərlənmənin səbəbi hələ ki, bilinmir.

Murad Əhməd

 



Mənbə: qafqazinfo.az