Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu

Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu

Azərbaycanda dəfələrlə ov edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan qətərli şahzadələr bu dəfə yeni məkan kimi Pakistanı seçiblər. Lakin Bəlucistan əyaləti Təbii Yaşam Departamentinin şikayətindən sonra onlar saxlanılıblar.

Bununla bağlı hüquq-mühafizəçilərin verdiyi açıqlamada deyilir ki, Nuşki bölgəsində qanunsuz ov edən yeddi qətərli saxlanılıb.

Xəbəri “Dawn” agentliyi yayıb.

Bildirilir ki, saxlanılan qətərlilərdən dördü kral ailəsinin üzvüdür.

Hüquq-mühafizə orqanının əməkdaşları saxlanılan şəxslərin polisdən gizlənmək üçün yerlilərə məxsus geyimlə hərəkət etdiklərini vurğulayıb.

Qeyd edək ki, Pakistan hökuməti körfəz ölkələri şahzadələrinə adambaşına 100 min dollar ödəmələri müqabilində 15 bölgədə 10 günlüyünə dovdaq ovlamaq icazəsi verilir. Ən çox 100 quş ovlama haqqı olan şahzadələr 10 gündən artıq qaldıqları müddətdə daha 100 min dollar ödəməlidirlər. Nəsli kəsilmə təhlükəsi ilə üzləşən quşların ovlanması üçün ərəb şahzadələrinə verilən izn ölkədə narazılıqla qarşılanır.

Yeri gəlmişkən, bildirək ki, Qətər şahzadələri bir neçə dəfə dostları ilə birlikdə Azərbaycanda da olublar. Onlar Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarda ovla məşğul olublar. Onarın Azərbaycandakı ov macəralarının görüntüləri mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılıb.

Mənbə: www.oxu.az