Azərbaycan polisindən misilsiz dünya ilki – qanunla ziddiyyətdə humanizm üstün tutuldu…

Azərbaycan polisindən misilsiz dünya ilki – qanunla ziddiyyətdə humanizm üstün tutuldu…

Humanizm heç də bütün cəmiyyətlərdə əsas götürülmür. Xüsusən də hüquq-mühafizə orqanlarının əməkdaşlarının vətəndaşlarla davranışlarında humanizm prinsipləri heç də qorunmur. Azərbaycanda isə bu sahədə vəziyyət bir qədər fərqlidir, humanistlik Azərbaycan polisinin xarakterik xüsusiyyətlərindən birinə çevrilib.

Elə hadisələr var ki, həmin olayın törədilməsi birbaşa cinayət tərkibi yaradır və bunu törədən insan məsuliyyətə cəlb edilir. Yəni qanun bunu diktə edir. Amma bəzən insanlıq və humanizm prinsipləri qanunlardan da vacib təsirə malik olur.

Bu günlərdə sosial şəbəkələrdə Bakının “Qara Qarayev” metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumatlar yayılmışdı. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının “Qara Qarayev” metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən mətbuata verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir. “Qara Qarayev” metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs “Qara Qarayev” metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun azyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb”, - deyə məlumatda qeyd edilib.

“Polisin bu addımı təqdirəlayiqdir”

Azərbaycan polisinin bu məsələdə humanizm sərgiləməsini yüksək qiymətləndirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan polisi hər zaman vətəndaşlarla münasibətdə humanizm prinsiplərini qoruyur. “Əlbəttə, Azərbaycan polisinin vətəndaşa qarşı humanist davranması təqdirəlayiq haldır. Əvvəla deyim ki, ölkə Prezidenti İlham Əliyev bir neçə müddət əvvəl qanunverici akt imzalamışdı. Bu aktda göstərilirdi ki, az ictimai təhlükəli cinayət əməli törədən şəxslərə azadlıqdan məhrumetmə cəzası verilməsin, yəni onlar həbsə atılmasın. Bu da ölkə rəhbəri tərəfindən vətəndaşlarımızla bağlı atdığı humanist addımın həm bariz nümunəsidir, həm də Azərbaycan Konstitusiyasının müvafiq maddəsində dövlətin ali məqsədlərini ifadə edən müddəalara hörmətin nümunəsidir. Yəni bu, insan və vətəndaş hüquq və azadlıqlarının, eyni zamanda, onların layiqli həyat səviyyəsini təmin etmək baxımından dövlətin ali məqsədi kimi ifadə olunur. Bu da oradan doğur. Bu gün Azərbaycan polisində başlanan humanist, demokratik islahatlar yüksək nəticə verir və bu, polis və vətəndaş arasındakı münasibətlərin tənzimlənməsinə müsbət təsir edir. Təbii ki, marketdən oğurlanan məhsulun dəyəri vətəndaşın azadlıqdan məhrum edilməsinə, onun barəsində cinayət işinin qaldırılmasına imkan verir, amma Azərbaycan polisi humanistlik göstərərək atanı övladlarına bağışladı. Polis gördü ki, həmin adamın törətdiyi hal təhlükəli cinayət deyil, ona görə də humanistlik göstərdi. Oğurluğun tərifi belədir: özgənin əmlakını gizli yolla talamaq”.

Ş.Əliyevin sözlərinə görə, polis oğurluq edən şəxsi azad buraxmaqla öz səlahiyyətini aşmır. Onun bildirdiyinə görə, bu, polisin fəaliyyətini tənzimləyən müvafiq qanunda, ölkənin Konstitusiyasında, beynəlxalq normalarda və Cinayət Məcəlləsində əksini tapan humanizm prinsipləri ilə bağlıdır. Bu amil polisin belə bir addım atmasına imkan verir: “Polisin bu addımı təqdirəlayiqdir. Polis o vətəndaşı saxlayıb, lakin himayəsində olan azyaşlı övladlarının xatirinə onu sərbəst buraxıb. Hesab edirəm ki, bu, polisin doğru qərarıdır”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com