Avstraliya yanğınlarının tüstüsü dünyanı dolaşır, qarın rəngi qaralır...

Avstraliya yanğınlarının tüstüsü dünyanı dolaşır, qarın rəngi qaralır...

Avstraliyada aylardır davam edən meşə yanğınları nəticəsində havaya qalxan tüstü dumanı yer kürəsi ətrafında azı bir dövrə vuracaq.

Qaynarinfo xəbər verir ki, bu haqda NASA-nın Qoddard Kosmik Uçuş mərkəzi məlumat yayıb. Məlumata görə ilin əvvəlində duman Cənubi Amerika qitəsinin üstünə çatıb, ötən həftə isə Yer Kürəsi ətrafında yarım dövrəsini tamamlayıb.

Dumanlar dünya ətrafında necə hərəkət edir?

Yanğın nəticəsində havaya qalxan tüstü dumanının göy gurultusu ilə müşahidə olunan fırtınaya səbəb olduğu, bunun da yüksəkliyi təxminən 18 kilometrə çatan dumanların stratosfer qatına qədər qalxmasına gətirib çıxardığı deyilir. Duman stratosferə qalxdıqda yarandığı yerdən minlərlə kilometr uzaqlığa qədər gedib çıxa bilir. Bunun da atmosferdəki proseslərə qlobal təsir etdiyi vurğulanır.

Cənubi Amerikada göy üzünün rənginin dəyişməsinə səbəb olan tüstü dumanının havanın keyfiyyətinə ciddi şəkildə təsir etdiyi və dağların başındakı qarı qaraltdığı bildirilir.

Qeyd edək ki, aylardır davam edən yanğın nəticəsində Avstraliyada 10 milyon hektara yaxın sahəyə zərər dəyib, 2 minə yaxın ev kül olub və milyonlarla heyvan qırılıb. Hadisədə 27 nəfər də həyatını itirib.

Camal

Mənbə: qaynarinfo.az