Gəncə işi ilə bağlı axtarışa verilən şəxs Bakıya gətirilib

Gəncə işi ilə bağlı axtarışa verilən şəxs Bakıya gətirilib

"Gəncə işi"nə görə beynəlxalq axtarışa verilən və 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Müşfiq Qurbanov yanvarın 17-də Bakıya gətirilib və artıq Bakı İdtintaq Təcridxanasına yerləşdirilib. Bu barədə AzadlıqRadiosuna Ənisa Qurbanova məlumat verib.

Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur. Ənisə Qurbanovanın sözlərinə görə, oğlu Rusiyaya işləmək üçün 2017-ci ilin fevralında gedib. 2018-ci ilin oktyabr ayında isə Moskvada yaşadığı evin qarşısında mülki geyimli polislər tərəfindən uşaqların gözü qarşısında saxlanılıb. "Sonra məlum olub ki, Gəncədə baş vermiş hadisələrə görə axtarışa verilib və həbs olunub. O, Yunus Səfərovu tanımırdı heç, oğlumu niyə həbs ediblər?".

Qurbanova qeyd edir ki, Moskva təcridxanasında bir il üç ay saxlanılan Müşfiqin barəsində heç bir istintaü hərəkət aparılmırdı. "Məhkəmə əvvəl onun haqqında bir aylıq həbs qərarı verib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. Keçən ilin aprel ayında müddət bitib və Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. Lakin vəkil oğlumun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın".

Qurbanova vurğulayır ki, oğlunun Bakıya gətirilməsi barədə məlumatı yox idi. "Heç bir məlumatım yox idi. Hər gün qorxurdum ki, gətirəcəklər, mənim də xəbərim olmaz. Belə də oldu. Bu gen xəbər tutdum ki, Kürdaxanıya köçürülüb, lakin Bakıya nə vaxt gətirildiyi barədə heç bir məlumatım yoxdur".

Ə.Qurbanova həmçinin qeyd etdi ki, oğlunun səhhətində ciddi problemlər var, psixi xəstəliklərdən və epilepsiyadan müalicə alıb. "Bununla bağlı arayış və reseptlər var".

Məsələ ilə bağlı Penitensiar Xidmətindən məlumat almaq mümkün olmayıb.

 

 

Mənbə: criminal.az