Azərbaycanda da polisə qanunla vətəndaşların telefon danışıqlarını gizli dinləmək səlahiyyəti verilsə...

Azərbaycanda da polisə qanunla vətəndaşların telefon danışıqlarını gizli dinləmək səlahiyyəti verilsə...

Məlum olduğu kimi, bəzi ölkələrdə polisə qanunla vətəndaşların telefon danışığını gizlin dinləmək hüququ verilir. Artıq bir neçə ölkədə polis vətəndaşa xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan vətəndaşın telefonunu izləyə, danışıqları dinləyə bilər. Azərbaycanda isə polisin ondan xəbərsiz vətəndaşın telefon danışıqlarını dinləməsi qanunla yasaqdır. Azərbaycanda da polisə belə bir səlahiyyət verilə bilərmi?

Bəzi ekspertlər qeyd edirlər ki, Azərbaycanda da polisə belə bir səlahiyyət verilsə yaxşı olar. Onlar bunu ictimai asayiş və ictimai qaydanın təminatının əsas ağırlığının polisin üstündə olması ilə əsaslandırırlar. Polisin mütəmadi olaraq cəmiyyətlə, ictimaiyyətlə əlaqədə, ünsiyyətdə olduğunu deyən ekspertlər hesab edirlər ki, polis bu vasitə ilə baş verə biləcək təhlükənin əvvəlcədən qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görə bilər.

Əliməmməd Nuriyev: “Məhkəmənin qərarı olmadan, müvafiq sanksiya verilmədən vətəndaşların telefon danışıqlarının gizlin dinlənilməsi böyük özbaşınalığa gətirib çıxara bilər”

Tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, məhkəmə qərarı olmadan polisə vətəndaşların telefon danışıqlarını gizlin izləməsi səlahiyyətinin verilməsi mənfi nəticə verə bilər. “Əməliyyat-axtarış məsələsi ilə bağlı qanun var, burada polisin vəzifə və funksiyaları müəyyən edilib. Hesab edirəm ki, məhkəmənin qərarı olmadan, müvafiq sanksiya verilmədən vətəndaşların telefon danışıqlarının gizlin dinlənilməsi böyük özbaşınalığa gətirib çıxara bilər. Xüsusi xidmət orqanlarında, polisdə bu səlahiyyətlərin geniş səviyyədə olması sui-istifadə halları yaradar. Fikrimcə, məhkəmənin qərarı olmadan polisə vətəndaşın telefon danışıqlarını dinləmək səlahiyyətləri verilməməlidir. Bu kimi hallar məhkəmənin qərarı ilə müəyyənləşdirilməlidir. Bəzi hallarda, məsələn, əgər terror təhlükəsi varsa, bununla bağlı yetərincə əsaslar mövcuddursa, operativ dinləmələr barədə qərar qəbul etməklə və məhkəmənin qərarı ilə bu dinlənmə həyata keçirilməlidir. Bir çox ölkədə polis tərəfindən vətəndaşların telefon danışıqlarının gizlin izlənilməsinin, dinlənilməsinin çox pis nəticələr verdiyinin şahidi olmuşuq. Polisə vətəndaşın telefonunu gizlin dinləmək səlahiyyətlərinin verilməsi totalitar cəmiyyətlərə xasdır. Bu, insan hüquq və azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasıdır, konstitusion hüququn, toxunulmazlıq hüququnun pozulmasıdır. Bu kimi hallara yol vermək olmaz. Əlbəttə, gördüm, bəzi ölkələrdə polisə vətəndaşların telefon danışıqlarını gizlin dinləmək hüququ verilib. Bu, demokratik cəmiyyət üçün yararlı deyil”.

Ə.Nuriyev, həmçinin, qeyd etdi ki, istənilən qanunun qəbul edilməsi cəmiyyətin, vətəndaşların maraqlarına tam uyğun olmalıdır. Onun sözlərinə görə, əgər hansısa bir əməllə, vətənə xəyanət, eləcə də ağır cinayətlərin edilməsi, ona cəhd və hazırlıqla bağlı şübhələr varsa, məhkəməyə müraciət etməklə polis vətəndaşın telefonunu dinləyə bilər. “Yoxsa, polisin istədiyi vaxt istədiyi vətəndaşın xəttinə daxil olub onun danışığını gizli yolla dinləməsi yolverilməzdir” - deyə Ə.Nuriyev qeyd etdi.

Şəmsəddin Əliyev: “...təhlükəsizliyin təmin edilməsi baxımından çox vacibdir”

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev isə əksini düşünür. Həmkarından fərqli olaraq, Ş.Əliyev hesab edir ki, Azərbaycan polisinə gizlin şəkildə vətəndaşların telefon danşıqlarını dinləmək səlahiyyəti verilməlidir. “Azərbaycanda da polisə vətəndaşların telefon danışıqlarını gizli şəkildə dinləmək səlahiyyətinin verilməsi təhlükəsizliyin təmin edilməsi baxımından çox vacibdir. Gizlin deyil ki, bu gün həm sosial şəbəkələrdə, həm də telefon danışıqlarında insanlar dövlət strukturlarının əleyhinə, insanların təhlükəsizliyini təmin edən qurumlarla bağlı xoşagəlməz fikirlər söyləyirlər. Hətta polisin və digər qurumların ünvanına da mənfi ifadələr işlədirlər. Sirr deyil ki, bəzi cinayət xarakterli söhbətlər də telefon vasitəsilə həyata keçirilir. İnsanların təhlükəsizliyini təmin etmək polisin əsas vəzifəsidir. Polis haqqında qanunda, eləcə də digər qanunvericilik sənədlərində polisin səlahiyyətləri qeyd edilib. Hesab edirəm ki, polisə məhkəmənin qərarı olmadan belə vətəndaşların telefonlarını istədiyi vaxt dinləmək səlahiyyəti verilməlidir. Günün 24 saatı vətəndaşların xidmətində duran, onların təhlükəsizliyini qoruyan və hər zaman operativ əməliyyatlar keçirən polisə hansısa təhlükəli bir vətəndaşın, yaxud cinayətkar qrupun telefon danışığıni izləmək üçün məhkəmənin qərarını gözləmək düzgün deyil. Polisə vətəndaşın telefonunu dinləmək səlahiyyətinin verilməsi cinayətkarlıqla mübarizə sahəsində çox böyük effekt verər” - deyə Ş.Əliyev vurğuladı.

 

Mənbə: www.baki-xeber.com