Bakıda məzarın üstündəki çələnglər oğurlandı

Bakıda məzarın üstündəki çələnglər oğurlandı

Ötən gün Bakıda Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən 47 oğurluq hadisəsi qeydə alınıb. Oğurluqların əksəriyyəti kiçik həcmlidir.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Yanvarın 27-si, saat 03:30-12:15 arasında Xəzər rayonunun Binə kəndində naməlum şəxslər 30 yaşlı Elşad Abdullayevə məxsus oyun salonuna giriblər.

Oğrular oradan dörd min manatdan çox məbləğdə oyun kompüterləri, aksessuarlar və nəzarət kamerası aparıblar.

Qeyd edək ki, cinayətkarlar otağa pəncərə barmaqlıqlarını mişarla kəsərək daxil olublar. Faktla bağlı tutulanlar yoxdur.

Sabunçu rayonu Ramana qəsəbəsində isə 33 yaşlı Ehtiram Məmmədova məxsus evdən televizor və iki bahalı xalça oğurlanıb. Cinayətkarın evə pəncərədən girdiyi məlum olub.

Ümumilikdə, ötən gün ərzində yaşayış evlərinə 12 giriş qeydə alınıb. Qalan oğurluqlar avtomobillərdə və ticarət obyektlərində törədilib.

Suraxanı rayonundakı oğurluq isə Əmircan qəbiristanlığının ərazisində törədilib.

51 yaşlı Ceyran Gözəlova bununla bağlı 31-ci Polis Bölməsinə müraciət edib. Qadın yanvarın 28-də oğlunun məzarından doqquz çiçək vazası və altı təzə çələng oğurlandığını deyib.

Bakıda qəbirlərdən çiçək oğurlanması ilk belə hadisə deyil. Bundan əvvəl oxşar hadisə Yasamal qəbiristanlığının ərazisində baş verib.

Daxili İşlər Nazirliyinin bölmələri faktlarla bağlı araşdırma aparır.

Qeyd edək ki, göstərilən müddətdə paytaxtda 20-yə yaxın şəxsi əmlak oğurluğunun üstü açılıb.

Mənbə: www.oxu.az