“Vinçester”lə adam güllələyən şəxsin məhkəməsi başlayır

“Vinçester”lə adam güllələyən şəxsin məhkəməsi başlayır

Azər Orucov

Bakıda tanışını güllələyən Azər Orucovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini əvvəllər məhkum olunmuş A.Orucov tutulub.

Belə ki, 2019-cu ilin avqust ayının 5-də gecə saatlarında A.Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib.

Saxlanılan zaman A.Orucov ifadəsində etdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan sayonunda Kür çayına atdığını bildirib.

Polis Bölməsində hal şahidlərinin iştirakı ilə A.Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Mənbə: report.az