Çinli turisti koronavirusla qorxudub soydu

Çinli turisti koronavirusla qorxudub soydu

Yanvar ayından etibarən moskvalı taksi sürücülərinin Çindən gələn vətəndaşları daşımaqdan imtina etdikləri deyilir

Moskvada taksi sürücüsü Çindən Rusiyaya gələn adamı aldadaraq altıqat gedişhaqqı alıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, Şeremetyevo aeroportunun dayanacağındakı sürücü tibbi maska taxıb və Çindən gələn adama taksi xidməti təklif edib. O, çinliyə deyib ki, koronavirusdan qorxduqlarına görə başqa heç bir taksi sürücüsü onu şəhərə çatdırmayacaq. Üstəlik, mümkün yoluxma riskinə görə çinlinin əlavə haqq ödəməli olduğunu da bildirib.

Şeremetyevo aeroportundan təyinat məntəqəsinə qədər yol cəmi 23 km edib. Buna görə sürücü 6 min rubldan çox haqq göstərib, amma guya güzəşt edib və yuvarlaq məbləğ - 6 min rubl alıb. O, həmçinin sayğacı da göstərərək qəbz yazıb.

Oteldə Çin vətəndaşı işçilərdən gedişhaqqını dəqiqləşdirib. Məlum olub ki, bu qədər məsafə üçün turist cəmi min rubladək məbləğ ödəməliymiş. Çinli onu gətirən taksi sürücüsünün, sayğacın göstərisinin və avtomobilin nömrəsinin videosunu çəkə bilib. İndi bu məlumat əsasında polis taksi sürücüsünü axtarır.

Yanvar ayından etibarən moskvalı taksi sürücülərinin Çindən gələn vətəndaşları daşımaqdan imtina etdikləri deyilir. Koronavirusa yoluxmaqdan qorxan sürücülər çinli turistlərdən ikiqat haqq tələb edirlər.

2019-cu ilin dekabrından Çinin Uhan əyalətindən yayılan koronavirus artıq dünyanın daha 20 ölkəsində təsbit edilib. Virusdan 2362 nəfər ölüb. Yoluxanların sayı 77,9 min, sağalanların sayı 21,3 min nəfərdir.

Mənbə: sherg.az