Xocalının sağ qalan QADIN sakini: "Meyitləri yığanda məni tapmışdılar..."

Xocalının sağ qalan QADIN sakini: "Meyitləri yığanda məni tapmışdılar..."

Xocalı hadisələrinə canlı şahidlik edənlər arasında təəssüf ki, çoxlu qadın da var. Onlardan biri də Məlahət Hüseynovadır.

Sonxeber.az Xocalı sakini Məlahət Hüseynova ilə müsahibəni təqdim edir:

- Xocalı hadisəsinin baş verdiyi gecəni necə xatırlayırsınız?

- Xocalı faciəsi elə bir faciədir ki, o heç vaxt yaddaşdan silinməz. O həyacanı yaşayan insan olanları unudarmı? Heç zaman! İndi o qədər ağlamışam ki...28 ildir, 28 yara ürəyimizdədir. 25 fevral axşam ermənilər 4 tərəfdən Xocalıya hücuma keçdi. Biz hücumdan qorunmaq üçün zirzəmilərə sığınmışdıq. İnsanlar xəstəxaların, məktəblərin, bağçaların, kim hansı əraziyə yaxın idisə, oradakı zirzəmilərdə gizlənirdi. Evin zirzəmisində qalmağa qorxurduq. Həmin yerləri təhlükəsiz bilirdik deyə elə binaların zirzəmilərini özümüzə daldanacaq bilirdik.

-İndi neçə yaşınız var və nə işlə məşğul olmusunuz?

- Hazırda 59 yaşım var. O vaxtı gənc idim...Uşaqlar balaca idi. Böyük övladımın 10 yaşı var idi. Mən Xocalının ən böyük ipək fabrikində usta işləyirdim. Özümün maliyyə-kredit sahəsi üzrə təhsilm var idi.

Mən faciədə güllə yarası almışam. Meyitlərin içində qalmışdım deyə, meyitləri yığanda məni tapmışdılar. Yoldaşım isə həmin vaxt əsir düşmüşdü. Ən gec o gəldi. 7 ay əsirlikdə qalmışdı.

-Güllə hansı nayihənizə dəymişdi?

-Sol tərəfdən, ürək nahiyəmdən, omba hissəsindən snayper gülləsi dəymişdi. Xəstəxanada olduğumu bir aydan sonra bildim. Bədənimdə qan qalmamışdı. Gecə atışma düşəndə biz meşəyə üz tutub qaçdıq. Mən qarşı tərəfə keçmək üçün Qarqar çayına girdim. Bir oğlum vardı deyə onu boynuma aldım, qızın birini arxadan kürəyimə, birini də qucağıma alıb çaya girdim. Digər qızım isə əsir düşən bibisinin yanında idi. Çaydan çıxandan sonra paltarlarımızı soyunub atdıq ki, ayaqlarımız donmasın. Ayaqyalın vəziyyətdə qarla addımladıq. İnsanları pulemyotun qabağına verdilər. Ermənilər hazırlıqlı idi. Onlar bizim bir körpəmizdən keçmədilər. Onlar tarixdə bağışlanılmaz iz qoydular, elə bir faciə törətdilər ki, Allah da bağışlamaz.

- Dediniz ki, qızınızın biri bibisinin yanında idi. Çayın içindən çıxandan sonra hadisələr necə davam etdi?

- Səhər açılırdı. Ermənilər yenidən hücuma keçdilər. Ermənilər hazır vəziyyətdə, səngərin içində bizi gözləyirdilər. Onlar insanları kütləvi atəşə tutan zaman güllə arxadan qızım Marala dəydi. Qızımın sinəsindən qan axmağa başladı. Vəziyyəti belə görüb qızımın yanında oturdum ki, gəlsinlər məni də öldürsünlər. Qızımı daşın üzərinə uzandırdım, iki dəqiqə sonra üzünü örtmək üçün əyiləndə mənə də güllə dəydi. Bədənim rezin kimi yığılıb-açıldı. Qan məni apardı. Uşağın meyitinin yanına düşüb qalmışam. Mən huşumu itirdim deyə, heç nədən xəbərim olmayıb. Rəhmətlik Əlif Hacıyev 12 uşağı Ağdama keçirəndə o biri uşaqları da özü ilə aparıbmış. Oğlumun yolda yanında tank partlmışdı deyə paralij keçirmişdi. Elə o vaxtdan da oğlum ikinci qrup əlildir. Uzun illər xəstəxanalarda olub.

- Bəs yoldaşınıza nə oldu?

- Yoldaşım əsirlikdən gəldi, daxili orqanları çürümüşdü. Neçə dəfə əməliyyat olundu və elə xəstəxanada da dünyasını dəyişdi.

-Bibisi ilə əsirlikdə qalan övladınızın aqibəti necə oldu?

- Qızım bibisi ilə əsir düşmüşdü. Onlara əsirlikdə zəhər veriblər. Əsirllikdə zəhər verilənlərin əksəri Ağdama qaytarılanda dünyalarını dəyişdilər. Baldızım da elə orada rəhmətə getmişdi. Ona da zəhər vermişdilər. Allah istəyib ki, qızım salamat qala bilib.

-Qisas imkanınız olsa ermənilərdən necə qisas alardınız?

-Bilirisiniz, inandırım ki, onların dərisini soyardım. Çünki mən anamın ölümünü, uşağın qışqırığını və körpələrin qarın üzərində axan qanını görmüşəm... İçimdə onlara qarşı böyük nifrətim var. Hələ də ümidlə əsir düşənlərin yolunu gözləyirik. Nə qədər əsirlərimiz var… Ölənlərimizdən xəbər yoxdur. Qalanların əksəri xəstə, ürəyimiz xəstə, hər yerimiz xəstə...

Şəlalə Babayeva

 

 

 

 

 

Mənbə: sonxeber.az