Koronavirus Azərbaycanda

Koronavirus Azərbaycanda

Bu mövzuya yenidən toxunmağımın səbəbi COVID-19 və ya 2019-nCoV virusunun artıq Azərbaycan sərhədlərini keçməsi oldu. Son günlər ərizində bununla bağlı bir çox şayiə və dezinformasiyaların şahidi olduq.

Lakin təsdiq olunmuş faktlar da göstərir ki, virus artıq ölkəmizə də çatıb. Bir neçə gün bundan əvvəl İranda epidemiya sıçrayışı qeydə alındı. Orada 141 yoluxma halından danışılır. 22 nəfər ölüb, 49 yoluxmuş insan isə sağalıb. Fevralın 25-də İranın səhiyyə nazirinin müavini Iraj Harirchi keçirdiyi mətbuat konfransında bildirdi ki, ölü sayı əslində 50 nəfərə çatıb. Bir gün sonra o canlı video çəkərək özünün də koronavirusa tutulduğunu və müalicə aldığını bildirdi.

Dünən həmçinin qonşu Gürcüstanda da ilk yoluxma halı qeydə alındı. Virus testi müsbət nəticə verən şəxs Azərbaycan əsilli Gürcüstan vətəndaşıdır. Məlum olub ki, bu şəxs fevralın 25-i Astara sərhəd keçid məntəqəsi üzərindən İrandan Azərbaycana keçib. Sərhəddə səyyar yoxlama zamanı bu şəxsin bədən temperaturunun normal olduğu təsdiqlənib və o, yoluna davam edib. Bundan 10-12 saat sonra o, Azərbaycan-Gürcüstan sərhəddini keçib və burada yoxlama zamanı xəstəliyə şübhəli kimi saxlanıb. Daha sonra aparılan müayinə şəxsin COVID-19-a yoluxduğunu göstərib. Hadisəylə əlaqədar Gürcüstan Azərbaycanla sərhəddi müvəqqəti olaraq bağlayıb.

Yuxarıda qeyd olunanlardan da görürük ki, yalnız barəsində danışdığımız Gürcüstan vətəndaşnın Azərbaycan ərzisində ictimai nəqliyyatla 10-12 saat hərəkət etməsi faktı, yaxında yoluxma hallarının ölkəmizdə də qeydə alınacağını ehtimal etmək üçün kifayətdir.

Gəlin indi baxaq bu nə deməkdir

Wuhan koronavirusu hava-damcə və kontakt yollarla yoluxduğu üçün çox tez yayılır. Ona görə də onun gec ya tez Azərbaycana da gəlib çıxacağını istisna etmək olmazdı. Amma yenə də qeyd etmək istəyirəm ki, bu virus hətta öz ən yaxın qohumu olan SARS və MERS korona virusları ilə müqayisədə belə çox zəifdir. Hələ də spesifik müalicə vasitələrinin və vaksinin tapılmamasına baxmayaraq, dünya üzrə COVID-19-a yoluxan 82 171 nəfərin yalnız 2804-ü yəni 3.5%-ə yaxını ölüb. Sağalanların sayı isə 33 129 nəfər yəni yoluxanların 40%-ni təşkil edir. Ölənlərin çoxu yaşlı adamlar və ya müxtəlif xəstəliklər nəticəsində immun sistemi çökmüş insanlardır. Gənc və sağlam insanlar ya ümumiyyətlə yoluxmur, ya da xəstəliyi yüngül keçirir və tezliklə sağalırlar. Buna görə də mütəxəssislər yoluxma sayının milyon həddinə çatmasını belə ehtimal edirlər, lakin bunun da kritik olmadığını bildirirlər.

Bir halda ki, virus artıq qapımızı döyüb, yoluxmanın əlamətləri barədə də bir neçə söz demək faydalı olar. Yoluxmanın ilk əlamətləri yoluxmadan təqribən 5 gün sonra ortaya çıxmağa başlayır. Bunlar hərarətin yüksəlməsi və bunun yol açdığı halsızlıq, əzələ ağrıları, üşütmə və başgicəllənmədir. Başqa ilkin simptomlar arasında baş ağrıları, burun axması və ən əsası quru öskürəkdir. Bəzən quru öskürək burun axması olmadan da meydana gəlir. Bəlğəmli və qanlı öskürək isə xəstəliyin sonrakı, ağırlaşma fazalarında müşahidə olunur.

Növbəti mərhələdə xəstədə döş nahiyəsində ağrılar və tənəffüs çatşmazlığı əlamətləri ortaya çıxır. Ağciyər çatışmazlığı kritik həddə çatarsa, xəstə süni tənəffüs aparatına qoşulur.

Bəzi hallarda koronavirus böyrək çatışmazlığına da səbəb ola bilər. Bu zaman xəstədə tez-tez sidik ifrazı, ayaqların şişməsi (ödem), alt göz qapaqlarının sallanması, arterial təzyiqin yüksəlməsi, gücsüzlük və yorğunluq hissi kimi əlamətlər qeydə alınır.

Əgər sadalanan əlamətləri özünüzdə hiss edirsinizsə və bu zaman son iki həftə ərizində Çində və ya İranda olmusunuzsa və ya oradan gələn insanlarla kontaktınız olubsa, həkimə müraciət edin.

Yoluxmanın qarşısını almaq üçün gün ərizində əlləri 3-4 dəfə dirsəyə qədər sabunla yumaq lazımdır. Virus dəri üzərində bir neçə saat sağ qaldığı üçün bu cür gigienik prosedurlar çox önəmlidir. Bundan başqa boğazın və burun boşluğunun duzlu su məhlulu ilə mütəmadi yaxalanması da selikli qişalara düşmüş, lakin hələ ağ ciyərə yetişməmiş virusların yuyularaq bədəndən çıxarılmasına kömək edə bilər. Çoxlu çay, qəhvə və s. bu kimi isti maye qəbulu da orqanizmin müqavimətini gücləndirmək baxımından vacibdir.

Ehtiyac olmadan ictimai yerlərdən uzaq durmaq yaxşı olar. Asqıran və ya öskürən zaman ağız və burun nahiyələrinin dəsmal, o olmadıqda isə paltarın dirsək hissəsi ilə qapadılması vacibdir. Bu, başqa insanları yoluxdurmamaq üçündür. Eyni zamanda ətrafınızda tənəffüs yolları xəstəliklərinin əlamətlərini daşıyan adamlar varsa, onlardan uzaq durmağa çalışın.

Xəstəlikdən qorunmaq üçün və ya müalicə məqsədi ilə özbaşına antibiotik qəbul etmək lazım deyil. Antibiotiklər virusa heç bir təsir göstərmir.

Başqa qrip əlieyhinə dərmanlar da az effektivdir. Həmçinin apteklərə maska dalınca hücum çəkməyə də gərək yoxdur. Adi maskalar sizi koronavirusdan qorumayacaq. Yalnız N95 tipli xüsusi maskaların müəyyən müsbət qoruyucu təsiri təsdiqlənib.

Gürcüstanda ilk yoluxma halının qeydə alınmasından sonra insanlar kütləvi şəkildə ərzaq mağazalarını boşaltmağa başlayıb. Belə tədbirlərə hələ ki, heç bir lüzum yoxdur.

Yayılan məlumata görə hal-hazırda Azərbaycanda 2019-nCoV virusuna yoluxma şübhəsi ilə Bakıda 9, Astarada 86, Cəlilabadda 91 nəfər olmaqla ümumilikdə 186 şəxs karantinə alınıb.

İranda yaranmış epidemioloji vəziyyəti nəzərə alaraq insanları bu ölkəyə nəzərdə tutduqları səfərləri təxirə salmağa çağırırıq. İranda xəstəliyin episentri müqəddəs Qum şəhəridir. Doktor Orxan Zamanlının haqlı olaraq qeyd etdiyi kimi hüceyrələrin dini olmur. Virusun da hansısa müqəddəs ayinlərlə qarşısının alınacağına inam bu halda cəfəngiyyatdan daha artıqdır – həm sizə, həm də ətrafınızdakılara təhlükə deməkdir.

Azərbaycan hökümətindən isə tələb edirik ki, epidemioloji vəziyyəti nəzərə alaraq İranla sərhəddi müvəqqəti olaraq bağlasın.

Mənbə: azlogos.eu