Baltikyanı ölkələrdə də koronavirus aşkarlanıb

Baltikyanı ölkələrdə də koronavirus aşkarlanıb

İki Baltikyanı ölkə - Estoniya və Litva - ilk koronavirusa yoluxma halları barədə məlumat verib. Hər iki xəstədə simptomların yüngül olduğu bildirilir.

Litvadakı yolxuma ilə bağlı verilən məlumatda bildirilir ki, virus İtaliyanın şimalındakı Verona şəhərində həmkarları ilə konfransda iştirak etdikdən sonra evinə qayıdan bir qadında aşkarlanıb.

Litvanın səhiyyə naziri Aureliyus Veriqa bildirib ki, 39 yaşlı qadında xəstəliyin simptomları yüngül formada aşkarlanıb və o, bazar ertəsi Siauliai şəhərinə geri dönəndən sonra xəstəxanada karantinə alınıb. Veriqa həmçinin bildirib ki, təyyarədə qadının yanında və yan cərgədə oturan sərnişinlər testdən keçirilicək.

Estoniya isə bir kişinin İrana biznes səfərindən qayıdandan bir gün sonra onun koronavirusa yoluxduğu barədə məlumat verib.

Estoniyanın Sosial Məsələlər Naziri Tanel Kiik bildirib ki, həmin şəxs hazırda xəstəxanada nəzarət altındadır.

"Estoniya vətəndaşı olmayan amma daimi yaşamaq statusu olan şəxs çərşənbə axşamı Estoniyaya daxil olub" deyə Tanel Kiik bildirib.

Estoniya yerli KİV-lərinin məlumatına görə, həmin şəxs İstanbuldan Latviyanın paytaxtı Riqaya, oradan isə avtobusla Tallinə gəldikdən sonra Estoniyanın səhiyyə orqanları ilə əlaqə saxlayıb.

Hazırda İtaliya və İran Çindən sonra ən çox yoluxma hallarının qeydə alındığı ölkələrdir.

Mənbə: www.amerikaninsesi.org