İspaniya futbolunun yetirməsi Rüfət Əbilov: Arzum Azərbaycan millisinin heyətində çıxış etməkdir

İspaniya futbolunun yetirməsi Rüfət Əbilov: Arzum Azərbaycan millisinin heyətində çıxış etməkdir

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanda digər sahələrdə olduğu kimi, idman da sürətlə inkişaf edir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. Ən mötəbər idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan digər dövlətlərə nümunə kimi göstərilir. Bakı I Avropa, IV İslam Həmrəyliyi oyunları, UEFA Avropa Liqasının finalı, Avropa və dünya çempionatlarına müvəffəqiyyətlə ev sahibliyi edib. Formula 1 yarışları Bakıda uğurla təşkil olunur və gələn il isə futbol üzrə Avropa çempionatının oyunları paytaxtımızda keçiriləcək. Azərbaycanın futbol klubları da avrokuboklarda baxımlı oyun nümayiş etdirirlər. Bütün bunlar ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsində mümkün olub. Azərbaycan idmançıları ölkəmizlə yanaşı, xarici ölkələrdə də uğurlu çıxışları ilə seçilirlər. Onlardan biri də İspaniya futbolunun yetirməsi və sonuncu klubu Cəbəllütariqin “Gibraltar United” komandası olan Rüfət Əbilovdur.

R.Əbilov futbol həyatı və gələcək planları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Özünüzü azərbaycanlı idmansevərlərə təqdim edərdiniz.

- İyirmi bir yaşım var. Futbol oynamaqdan böyük zövq alıram. Peşəkar futbolla ilk tanışlığım İspaniyada olub. İlk çıxış etdiyim peşəkar klub “La Nucia” olub. 2014-2015-ci illərdə həmin komandanın şərəfini qorumuşam. “La Nucia” komandasının karyeramda uğurlu başlanğıc olduğunu düşünürəm. İdmanın hər bir sahəsində olduğu kimi, futbolda da uğur qazanmağın əsasında əzmkarlıq dayanır. Mən də bunu anlayır və öz üzərimdə çalışaraq yeni uğurlar qazanmağı qarşıma hədəf qoymuşam.

- Futbola maraq sizdə necə yaranıb?

- Futbolla uşaq yaşlarımdan maraqlanmışam. Mənim həmişə topla oynamağa həvəsim olub. İspaniyaya gəldikdən sonra maraq artıq idmanın bu növünə olan sevgiyə çevrilib. Bu sevgi məni futbolla daha ciddi məşğul olmağa sövq etdi. Uşaq olarkən həmişə irimiqyaslı futbol yarışlarını izləyirdim. Məşhur futbolçuların mükəmməl oyununu izlədikdə idmanın bu növünə marağım daha çox artırdı. Ümumiyyətlə, futbolla məşğul olmağımda atamın böyük rolu olub. O, həmişə mənim arxamdadır və məni yeni uğurlara ruhlandırır.

- Avropanın futbol nəhəngi olan İspaniyada futbol oynamağın üstün cəhətləri nədir?

- Futbol komanda oyunudur. İspaniya futbolunda ötürmələrin edilməsi mühüm məqamdır. Əgər kimsə futbola yazılırsa və klubların heyətində yer alırsa ona qələbənin məhz birgə mübarizə nəticəsində əldə olunduğu qeyd olunur. Ümumiyyətlə məşqçilərin tapşırığını yerinə yetirmək, hazırlığa nizam intizamla yanaşmaq idmanda əsas göstəricidir. Çıxış etdiyim klublarda buna həmişə önəm vermişəm və hər zaman məşqçilər korpusunun diqqətini cəlb etməyi bacarmışam. Karyerama Avropanın “TOP-5” futbol ölkəsindən biri olan İspaniyada başlamağımın təcrübə və texnikalı oyun nümayiş etdirmək baxımdan mənə böyük kömək etdiyini düşünürəm.

- Son çıxış etdiyiniz Cəbəllütariqin “Gibraltar United” klubunun çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- Komanda yeni mövsüm üçün çox uğurlu transfer siyasəti həyata keçirib. Heyətinə yeni güclü futbolçular cəlb edib. “Gibraltar United” həmişə medallar uğrunda mübarizə aparıb. Komanda uğurlu oyun nümayiş etdirə bilsə, ölkə çempionatının qalibi ola bilər. Məşqçilər heyəti də güclü mütəxəssislərdən təşkil olunub. “Gibraltar United”in yeni mövsümdə iddialı olduğunu deyə bilərəm.

- Yadınızda qalan ən maraqlı matçının haqqında danışardız və hansı komandanın heyətində çıxış etmək istərdiniz?

- Ən maraqlı oyunum bu il olub. Həmin oyun Cəbəllütariq kuboku yarışlarının yarımfinal mərhələsinə təsadüf edib. Çox gərgin oyun keçirdik. Oyununun sonunadək hər iki komandanın təzyiqi hiss olunurdu. Ancaq sonda biz qalib gəldik. Komandamız bu qələbəyə layiq oyun nümayiş etdirdi və sevinən tərəf biz olduq.

- Azərbaycan millisindən dəvət alsanız bunu dəyərləndirməyə hazırsınızmı?

- Sözsüz, bu mənim üçün böyük fəxr olar. Hər bir futbolçu ölkəsinin yığma komandasının şərəfini qorumağı arzulayır. Azərbaycan millisinin heyətində çıxış etmək də mənim çoxdankı arzumdur. İstərdim ölkə futbolunun inkişafında mənim də payım olsun. Səbirsizliklə mənə dəvətin gəlməsini gözləyirəm. Azərbaycan bayrağı altında meydana çıxaraq baxımlı oyunumla azarkeşlərimizi sevindirmək istəyirəm. Ölkəmizin şərəfini layiqincə təmsil etmək üçün bütün gücümü sərf edəcəyəm. Özümü buna hazır hesab edirəm. İnanıram ki, millimizin heyətində yeni uğurlara imza atacağam.

- Ölkə xaricindən baxdıqda Azərbaycanda futbolun vəziyyəti necə görünür?

- Azərbaycan Premyer Liqasında çıxış edən “Qarabağ” Avropada yetərincə tanınıb. Etiraf etməliyəm ki, İspaniyada da bu klubun uğurlarını izləyənlər çoxdur. Cari mövsüm “Qarabağ” Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bir neçə il əvvəl “Qarabağ” Çempionlar Liqası yarışlarının qrup mərhələsində mübarizə aparıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olur, onları yeni uğurlara ruhlandırır. Əldə olunan nailiyyətlər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkan açır.

- Azərbaycan futbolunu izləyirsinizmi və sevdiyiniz klub hansıdır?

- Azərbaycan komandalarının nəticələrini həmişə izləyirəm. “Qarabağ” və “Neftçi” komandalarının oyunlarını mütəmadi olaraq diqqətə saxlayıram. Əgər ən çox sevdiyim Azərbaycan klubunu soruşursunuzsa, bu, “Qarabağ”dır. Çünki Ağdam təmsilçisi daha çox Avropasayağı, texnikalı və cəld oyun nümayiş etdirir, beynəlxalq arenada yetərincə tanınır.

- Rüfət, gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Hazırda bir neçə klubdan təklif almışam və bunları nəzərdən keçirirəm. Bunlar arasında İspaniyanın “Sequnda B” təmsilçisi, Azərbaycan və Ukrayna klubları vardır. Yaxın vaxtlarda yekun qərar vermək istəyirəm. Seçəcəyim klubda özümü rahat və sərbəst hiss etmək istəyirəm. Yeni kluba keçmək o qədər də asan deyil. Ciddi düşünüb qərar verməliyəm.

Qeyd edək ki, peşəkar karyerasına 2014-cü ildə İspaniyanın “La Nucia” komandasında başlayan R.Əbilov 2015-ci ildə “Benidom” ilə müqavilə imzalayıb. 2017-ci ildə digər İspaniya klubu “Calpe”yə keçən bir il sonra karyerasını Cəbəllütariqin “Gibraltar United” klubunda davam etdirib. Yarımmüdafiəçi Cəbəllütariq Premyer Liqasının ötən mövsümündə 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: azertag.az