Ramiz Məmmədov: “Futbolçu nəticə qazanırsa, mükafatını almalıdır”

“Artıq Nikola Yurçeviçin komandanı öz fikrinə uyğunlaşdıra bildiyi hiss olunur. Millimiz həm Uels, həm Xorvatiyaya qarşı baxımlı oyun nümayiş etdirdi”.

Bunu “Report”a Azərbaycan millisinin sabiq futbolçusu Ramiz Məmmədov yığmanın AVRO-2020-nin seçmə mərhələsində Uelslə səfər və Xorvatiya ilə ev oyunları barədə danışarkən söyləyib.

“Qəbələ”nin sabiq baş məşqçisi olan 51 yaşlı mütəxəssisin sözlərinə görə, yığma bu cür oynamağa davam etsə, nəticələr də müsbət olacaq: “Uelslə matçda hiss olundu ki, komandamız öz oyununu tapmaqdadır. Uşaqlar artıq bir-birlərini yaxşı başa düşürlər. Xəttlərarası əlaqə normaldır. Cinah müdafiəçilərimiz irəlidə bir qədər fəallıq göstərsələr, daha da yaxşı olar. Uelsdə əsas fiqur Qaret Beyldir. Onu nəzərə almasaq, komanda olaraq bizdən üstün deyillər. Xorvatiya ilə görüşü stadiondan izlədim. Xüsusən də ikinci hissədə çox yaxşı çıxış etdilər. Çoxdandır millinin bu cür aqressiv oynadığını görmürdük. Buna görə şad oldum. Komandanın bütün üzvlərini, baş məşqçini təbrik edirəm. Belə davam etsək, irəli getmək olar”.

Məmmədov son matçlarda gənc futbolçuların çıxışının alqışalayiq olduğunu vurğulayıb: “Bəhlul Mustafazadə hava toplarında mükəmməl oynadı. Aqressivdir, gözündə qorxu yoxdur. Həmçinin Ramil Şeydayev, Anton Krivotsyuk və digərlərini də qeyd edərdim. Şəhriyar Rəhimovun da çıxışını bəyəndim. Şeydayev bir çox hallarda irəlidə tək qalır. Fikrimcə, bunu nəzərə alaraq, Ağabala Ramazanova daha çox şans vermək olar. Düzdür, Mahir Emreli də cinahda yer alır. Amma Ramazanov da oynasa, öndə daha aqressiv olarıq. Dmitri Nazarovun ayaqları və beyni işləyir, ötürmə vermək qabiliyyəti yaxşıdır. Amma hiss olunur ki, 90 dəqiqə ərzində eyni tempdə oynaya bilmir. Amma Ağabala cavan, enerjilidir. Ümumən götürəsək, postsovet ölkələri arasında ən çətin qrupa düşmüşük. Qrupumuzda San Marino və ya Lixtenşteyn yoxdur ki, xal qazanmaq şansımız daha real olsun. Fikrimcə, seçmə mərhələdə 5 oyundan 1 xal toplamağımız komandamızın real səviyyəsinin göstəricisi deyil. Güclü rəqiblər arasında yer aldığımız üçün nəticə qazanmaq çətindir”.

Hazırda “Keşlə”nin idman direktoru olan təcrübəli mütəxəssis Xorvatiya ilə heç-heçəyə görə futbolçulara mükafat verilməsi məsələsinə də münasibət bildirib: “Hər bir görülən işin maddi qarşılığı, qonorarı olmalıdır. Əziyyət çəkilib, tər tökülürsə, bunun qarşılığı da verilməlidir. Hər kəs evindən çörək qazanmaq, ailəsini saxlamaq üçün çıxır. Ona görə də kiminsə pulunu saymaq düz deyil. Elə bir adam yoxdur ki, maddi durumunu yaxşılaşdırmaq istəməsin. Futbolçu da istər millidə, istərsə də klubda gecə-gündüz məşq edir, oyuna çıxır, əziyyətə qatlaşır. Belədə verilən mükafat da onun halal puludur. Futbolçu nəticə qazanırsa, mükafatını almalıdır. Digər idman növlərini götürək. Cənab Prezident İlham Əliyev hər zaman olimpiadalarda, müxtəlif beynəlxalq yarışlarda uğur qazanan idmançılarımıza mükafatlar ayırır. Ümumiyyətlə, təkcə idman sahəsində deyil, digər istiqamətlərdə də ölkəni təmsil edən, əziyyət çəkən insanların işi dövlətimiz tərəfindən qiymətləndirilir. Bəli, ilk növbədə dövlətimizi, bayrağımızı, xalqımızı fikirləşməliyik, fikirləşirik də. Çıxıb yaxşı nəticə qazananda da dövlətimiz həmin şəxsləri fikirləşir, qayğısına qalır. İdmançının əziyyəti mükafatlandırılmalıdır. Bizdə də heç vaxt bu sarıda problem olmayıb”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bolton çox yaxşı həmsöhbət idi – Lavrov

SONRAKI XƏBƏR

Əkbər Hacıyev də belə narazılıq yaradır... - GİLEY