“A kişi, sən kimsən, Mourinyodan danışırsan?!” – Millimizdəki futbolçu qıtlığının səbəbləri

Millimizin baş məşqçisi Nikola Yurçeviç son müsahiblərinin birində futbolçu qıtlığından danışmışdı. Bunun əsas səbəblərindən biri də uşaq futbolunun inkişafdan kənarda qalmasıdır. Necə olur ki, illərdir milli üçün bir futbolçu belə yetişə bilmir? Bəs uşaq futbolunun inkişafı üçün nələr lazımdır? Uşaq futbolunun inkişaf etməməsinin səbəbləri nədir? Bütün bu sualların cavabını Azərbaycan uşaq futbolunun bilicilərindən sayılan Vaqif Paşayev cavablandırıb.

Mütəxəssis “Yeni Sabah”a açıqlamasında öncə keçmiş məşqçilərin diqqətdən kənarda qalması haqqında danışıb. O bildirib ki, AFFA-ya məktub yazsa belə, onun təqaüd pulu verilmir:

“Uşaq futboluna öncə diqqət lazımdır. Bu gün kim futbolçu yetişdirib ona hörmət yoxdur. Əsas odur ki, komandanı düzəldən məşqçilər olsun. Komanda güclü olmalıdır ki, futbolçu da güclü olsun. Amma mən futbolçu yetişdirmişəm, kim mənə sağ ol deyib? Heç kəs. Rəşaddan (Sadıqov-Red.) başqa kim mənim üçün nə edib? Heç kim. 3 ildir, yaşıma görə ora yazmışam ki, təqaüd verilsin. 3 ildir mənə təqaüd verilmir. O qədər futbolçu yetişdirmişəm, AFFA üçün 105 dolları vermək çoxdur. Belə olanda uşaqlar necə işləyəcək? Mənə baxıb onlar da belə işləyərlər də. Söhbət bundan gedir. Mən aylarla, illərlə pul almamışam. Amma Rəşadı, Vaqifi, Ceyhunu yetişdirdim. Daha heç kəsə buna görə ağız açan deyiləm. Yazmışdım, bir baxsınlar ki, kim yazıb da bunu. Veteran futbolçu nə edib? Bəlkə, çempion olub, bəlkə, SSRİ kuboku götürüb, bəlkə, medal götürüb? Kimsə nəsə edib?

AFFA-da bəzi adamlar var, bir dəfə bu camaatı yığsınlar ki, necə edək, nə edək?

Yaşar müəllim birinə deyir ki, sənin 70 yaşın var təqaüdə getməlisən. Xaricdə isə həmin yaşlarda hələ də çalışıb futbolçu yetişdirilər. Mənə isə toxunmurlar, hələ 70 yaşım yoxdu.

Niyə siz mənə zəng etməlisiz? Niyə AFFA-dan bir dəfə zəng edib demirlər ki, nə edək? Yox, bu heç kəsə lazım deyil”.

V. Paşayev uşaq futbolunun hazırkı durumda olmasının səbəbini təcrübəsi olmayıb, lakin kateqoriya alan məşqçilərdə gördüyünü deyib:

“Kağız verməklə ki, bunun kateqoriyası var, ondan heç nə olmayacaq. Klublar məşqçiləri xaricə göndərməlidirlər. Orada onlar görməlidir ki, camaat necə işləyir. Mənim vaxtımda Avropada nə seminarlar olurdu, göndərirdilər, gedib öyrənirdim. O məşqçilərlə danışırdım. Biz Azərbaycanda nə görə bilərik? Kim məşq keçir ki, nəyisə götürək.

Bizdə istedadlı uşaqlar Avropadan daha çoxdur. Mən görmüşəm də. Amma onları yetişdirmək üçün məşqçi olmalıdır. 1 kateqoriyayla məşqçi olunmur, 14-15 gün oxuyan məşqçi olur? 1 ay oxuyursansa, sən necə futbolçu yetişdirəcəksən?

Mən məhlə komandasında məşqçiliyə başlamışam. İndikilər futbolu bitirən kimi Premyer Liqada, millidə məşqçi işləmək istəyir. Bu cinayətdir e… Futbolu qurtaran kimi millidə işləyirsən. Sən nə bilirsən axı? Aşağıdan başlaya-başlaya gəlməlisən. Mən Premyer Liqada 19 ildən sonra baş məşqçi kimi gəldim.

Mən olan vaxtı kateqoriya yox idi. Siz də yetişdirin də. Uşaqları asfaltda yetişdirmişəm mən e… asfaltda. Bilirsiniz? Mən bu gün Rəşaddan, Ceyhundan güclü futbolçu yetişdirə bilərəm”.

Mütəxəssis uşaq futbolunda rolu olan akademiyaların da iş prinsipinin düzgün olmadığını qeyd edib və bildirib ki, bəzi akademiyalarda “seçilmiş” uşaqlar öyrədilir deyə gələcək üçün yaxşı futbolçu yetişmir:

“Akademiya yaratmaqla deyil. Mən bilirəm o uşaq nə yeyir? Məşqdən sonra nə ilə məşğul olur? Yox. Belə olan halda necə futbolçu yetişə bilər? SSRİ vaxtı bu işə başqa cür yanaşılırdı. O vaxt siniflər var idi, yemək yeyilirdi, məşq keçilirdi – hər şey vaxtında. Onda futbolçular çox idi. Şimali Qafqazda ən azı 50-60 azərbaycanlı futbolçu oynayırdı. İndi forma verməklə akademiya olur? Məşq keçməklə akademiya olur? Akademiya odur ki, uşaq tamamilə sənin əlində olmalıdır.

Sizə bir şey deyim. Azərbaycanda ən yaxşı uşaqları seçib “Qəbələ”yə aparmışdılar. Oradan cəmi bir neçə futbolçu çıxdı. Ona görə ki, seçilmiş futbolçulardır. Yazırdılar ki, “Qəbələ”nin komandası 1 heç-heçə edib, 29-unu udub. Necə ola bilər? Çünki bunlar ən yaxşı uşaqları götürüblər, o birilər qalıb pis uşaqlarla, bunlar da uda-uda gedib.

Yaxşı, bu qədər güclüdürsə, necə ola bilər ki, sən ən yaxşı uşaqları seçirsən, keçirilən xarici turnirlərdə 7-8 komanda arasında 7-8-ci yer uğurunda mübarizə aparırsan? İndi özümdən danışmıram, amma mən milli komandamız üçün güclü futbolçular yetişdirmişəm. Hələ sadəcə milli komandanı deyirəm. Biz Türkiyəni 0:1 udanda, Rəşad Sadıqov qol vuranda start heyətdə mənim 3 yetişdirdiyim futbolçu var idi: Saşa Yunusoğlu, Vaqif Cavadov, Rəşad Sadıqov”.

Mütəxəssis yeni məşqçilərdən narazılığını da bildirib, onları tənqid edib:

“Yaxşı ki, “Sumqayıt” var. Neçə ildir ki, burada kordinator işləyirəm. Bakıda mənim üçün yer yoxdur. AFFA-ya mən nə deyim? Narazılığım yoxdur. Çempionat təşkil edir. Amma futbolçu yetişdirən məşqçidir, AFFA yox.

Adamın bir az yaşı keçəndə uşaq kimi inciyir. Biz inciyirik. Bir dəfə çağırın, soruşun ki, bu uşaq futbolunu necə edək. Sizdən heç pul da istəmirəm. Elə bil, hamı hər şeyi bilir. Cavan məşqçilər gəlib yanımda oturub başlayırlar ki, taktika belə getdi, bunu düzgün etmədi, Maurinyo zəifdi. A kişi, sən kimsən axı Maurinyodan danışırsan? Sən heç topu itələməyi bilmirsən. Səndən necə yoxdu? Sən nə etmisən ki? Gəlib, soruşarlar ki, sən milli üçün futbolçu yetişdirmisən? Desə ki, yox, bitdi də. Sən nə məşqçisən ki, milli üçün futbolçu yetişdirə bilməmisən. Bunları goruma aparmayacam ki. İstəyirəm, kiməsə nəsə öyrədim”.

Vaqif Paşayev şərhçilikdən də narazı olduğunu vurğulayıb:

“Baxıram televiziyaya, çıxıb ağızlarına gələni danışırlar. Mən “Qarabağ”ın, Azərbaycan millisinin oyunlarına Rusiya kanallarından baxıram. Azərbaycan televiziyasına baxa bilmirəm. Tural Məmmədlidən başqa heç kimin şərhinə qulaq asa bilmirəm. Bu necə olan şeydi?”

Naibə Məmmədova

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Üçüncü dəfə evlənmək istəyən kişini arvadları ölümünə döydü

SONRAKI XƏBƏR

Sığortaya yeni başlayanlar üçün - Yaşıl Kart Sığorta Sistemi – ŞÜKÜR HÜSEYNOV