Şallaq, şıllaq və arzular

Şallaq, şıllaq və arzular

Ötən mövsüm "Qarabağ”a "mən də varam” deyən "Neftçi”nin yekunda hədəfinə çata bilməməsi ciddi qınaq doğurmadı. "Sumqayıt”dan "qoparılıb” "ağ-qaralar”ın klub prezidenti postuna "yerləşdirilən” Kamran Quliyev özünü şəxsən sübut etməyi bacarmasa belə, transferlərə xərclənən böyük pullar, Avroliqadakı bəlli nəticələr beyinləri qarışdırdı. Ölkənin ən qocaman klubuna azarkeşlik edənlər Tula "Arsenal”ı üzərində parlaq zəfərin ardından yeni xəyallar qurmağa başladı...

... Ən qısa zamanda "Bney Yehuda”nın əsdirdiyi mehlə havaya uçuşan sabun köpükləri göründü. Müəyyən çərçivədən çıxmağa zəkası çatmayan Roberto Bordinin beyninin qırışları sayıldı... Zildə xoruz buraxan xanəndələr sayağı bəmdə gəzişən italyanın xilaskar ola bilməyəcəyinə şübhə yeri qalmadı. Kamran Quliyev – Ceyhun Sultanov cütlüyünün jozef – monrozlar, dabolarla genişləndirdiyi heyətin komanda ruhu sarıdan axsadığı üzə çıxdı...

Premyer Liqanın ilk 3 turundan sonra çempionluq uğrundakı əsas rəqibi "Qarabağ”dan 5 xal geri qalan Bakı təmsilçisinin bu il klub olaraq "artırmadığı” da bəlli məsələdi. Ötən il dəfələrlə meydanda ciddi intizamsızlıqlarla yadda qalan futbolçular ram edilmədiyini hesabat turunun "Neftçi” – "Sumqayıt” görüşündə artıqlamasıyla ortaya qoydu. Rəqib çalışdırıcı Ayxan Abbasovu vuran Etibar Tarıverdiyevin 20 oyunluq cəzası fonunda 16 min manat cərimə ödəmək məcburiyyətində qalan klubun durumu əlavə şərhə əl yeri qoymur. Ötən ilin dekabrında – "Sabah”la ev oyunundakı hal rəzalətin ili çıxmamış təkrarlandı. Düzdür, o vaxt Ceyhun Sultanov hakimləri medianın gözü qarşısında "yağlayaraq” gərginlik yaratmış, büdcəyə 16 min manat ziyan dəymişdi. Digər tərəfdən, səhnəyə müxtəlif klub rəsmilərinin çıxması daha pis haldır. Deməli, problem yalnız hansısa şəxsdə yox, arzulanan səviyyədə idarə olunmayan camiədədi. Yəni dünən idman direktoru, bu gün köməkçi – məşqçi çou göstəribsə, sabah başqa klub rəsmisi əllərini yerə qoyub şıllaqlamaqla diqqətləri naşı əllərdə olan kluba yönəldə, gülüş obyektinə çevrilə bilər.

Məntiqlə, şallaq olmayan yerdə şıllaq atmaq eşqi artır. Bu, instinktivdi. Pul və boşluqlar bir araya gələndə istək də çoxalır. Söyüş, sillə və ya şıllaq, nə fərqi var ki... Hərçənd dünya praktikasından bilirik ki, futbolda şallaqsız uğur dəryada balıq sevdasıdı.

"Neftçi”nin AFFA-nın büdcəsinə pul köçürüb-köçürməyəcəyini , cərimələrin jansı şəkildə "rəndələnəcəyini” söyləmək çətindi. Ancaq bu ruhla bu komandanın çempionluğu yuxusunda görəcəyi gün kimi aydındı. Əlbəttə, "Qarabağ”ın qrup oyunlarına güc sərf edəcəyi, bəzi məlum iki cəbhə amilinin bakılıların işinə yaraya biləcəyinə də inananlar yox deyil. Amma ağdamlıların nəticə çıxarmağa yetəcək təcrübəsini nəzərə almayanlar bütün hallarda yanılır. Bir neçə turdan sonra mövzuya yenə qayıdacağıq. Siz diqqətlə izləyin...

Fanat.Az

Mənbə: fanat.az