Rafiq Hüseynov: "O, məyus olduğumu görüb dedi ki, üzülmə, mən heç medal da almamışam"

Rafiq Hüseynov: "O, məyus olduğumu görüb dedi ki, üzülmə, mən heç medal da almamışam"

“Bu, güləşdir və iki güləşçidən biri məğlub olur. Bu dəfə mən uduzdum. Hər şey qaydasındadır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan milli komandasının güləşçisi Rafiq Hüseynov deyib.

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 82 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı məğlub olduğu final qarşılaşmasından sonra təəssüratlarını Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlayıb: “Güləş 6 dəqiqə olur. Hesab 0:5 olanda da bitməmişdi. Axıra qədər mübarizə apardıq. Rəqib də Avropa çempionu, dünya çempionatının mükafatçısıdır. Mənim kimi o da qızıl medal istəyirdi”.

R.Hüseynov bu medalın heç də ən böyük uğuru olmadığını bildirib: “Karyeramın ən böyük qələbəsi Avropa çempionu adını qazanmağımdır. Onu dünya ikinciliyindən üstün sayıram. Çempion elə çempiondur. Dünya çempionatının medalı isə 10 illik həsrətin sonudur. 2009-cu ildən dünya çempionatlarına gedirdim, medal olmurdu. Qızıl medal qismət olmadı. Avropa çempionatının, dünya kubokunun, Qran-prinin medalları var idi. Bu dəfə də dünya çempionatının mükafatı nəsib oldu”.

Məğlubiyyət üçün məyus olan güləşçimiz digər ölkələrdən olan həmkarından dəstək aldığını da etiraf edib: “Əlbəttə ki, medal almaq uğurdur, medalsız qalmamışam ki. Görüşdən sonra özbək güləşçi mənə yaxınlaşıb təbrik etdi. O, məyus olduğumu görüb dedi ki, üzülmə, mən heç medal da almamışam, sən heç olmasa mükafatsız qalmadın. Əlbəttə, mən də sevinirəm”.

Mənbə: apa.az