Asmir Beqoviç: "Hədəfim "Qarabağ"a mümkün olduğu qədər kömək etməkdir"

Asmir Beqoviç: "Hədəfim "Qarabağ"a mümkün olduğu qədər kömək etməkdir"

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç Premyer Liqanın IV turunda "Neftçi"ni məğlub etdikləri (2:0) oyundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, 32 yaşlı qolkiper öncə qarşılaşma ilə bağlı danışıb.

- Böyük gecə idi. Komandamız üçün önəmli matç oldu. Vacib olan üç xal idi və bunu da qazana bildik.

- Azərbaycana adlı-sanlı futbolçunu gətirməyin müşkül olduğu deyilir. Sizi bura necə gətirə bildilər?

- Son illər “Qarabağ” barədə xoş sözlər eşitmişdim. Avropada göstərdiyi nəticələrdən məlumatlıyam. Ümumiyyətlə, “Qarabağ”dan ancaq müsbət sözlər eşitmişdim. Qərar vermək ona görə də çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.

- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiniz?

- Futbola baxıram, izləyirəm. “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün bizim hədəfimiz qələbə idi və qalib gəldik.

- “Qarabağ”da hədəfləriniz nədir?

- Yanvara qədər müqaviləm var. Hədəfim komandaya mümkün olduğu qədər kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.

- Əgər “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiniz?

- Bu barədə nəsə demək çətindir. Oyundan oyuna düşünürəm.

- Avropa Liqasındakı şansları necə dəyərləndirirsiniz?

- Yaxşı komandamız var. Rəqiblərimiz də güclüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.

Mənbə: report.az