Yunanıstan Olimpiya məşəlini Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının təşkilatçılarına ötürüb

Yunanıstan Olimpiya məşəlini Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının təşkilatçılarına ötürüb

Bakı, 17 sentyabr, AZƏRTAC

Dünən Afina mərkəzi stadionunda günəş şüalarından alovlandırılan Olimpiya məşəli 2020-ci ildə Lozannada keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının təşkilatçılarına ötürülüb. TASS agentliyinin müxbiri bu barədə hadisə yerindən xəbər verib.

Olimpiya məşəlinin alovlandırılması mərasimi dünən Afinada, ağmərmərli tarixi “Panatinaikos” stadionunda təşkil olunub. Bu, 1896-cı ildə ilk müasir Olimpiadanın keçirildiyi yerdir. Günəş şüalarını bir yerə toplayan parabolik güzgünün köməyi ilə Olimpiya məşəli yandırılıb. Daha sonra stadionda kiçik estafet keçən Olimpiya məşəli “Lozanna-2020” təşkilat komitəsinin prezidenti, isveçrəli fristaylçı, üçqat dünya çempionu Virjini Fevrə təqdim edilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Yeniyetmələrin III Qış Olimpiya Oyunları yanvarın 9-dan 22-dək Lozannada keçiriləcək.

Yeniyetmələrin Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayədarlığı ilə dörd ildən bir keçirilir. Oyunlarda 15-18 yaşarası idmançılar iştirak edirlər. Yeniyetmələrin Yay Olimpiya Oyunları Sinqapurda (2010), Çinin Nankin şəhərində (2014), Buenos-Ayresdə (2018), Yeniyetmələrin Qış Oyunları isə İnsbrukda (Avstriya) 2012-ci ildə, Lillehammerdə (Norveç) 2016-cı ildə təşkil olunub.

Mənbə: azertag.az