Azərbaycan ağırlıqqaldıran dünya çempionatında 3 yanaşmanın hamısını boşa verib

Azərbaycan ağırlıqqaldıran dünya çempionatında 3 yanaşmanın hamısını boşa verib

Tailandın Pattaya şəhərində ağır atletika üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, bu gün Azərbaycan millisinin daha bir idmançısı körpücük üzərinə çıxıb.

Dopinq cəzasından sonra yenidən yarışa qoşulan Boyanka Kostova 59 kq çəki dərəcəsinin A qrupunda gücünü yoxlayıb. Milliləşdirilmiş legioner birdən qaldırma hərəkətində uğursuz çıxış edib. O, 103 kq-ı üç yanaşmanın heç birində ram edə bilməyib.

Təkanla qaldırma hərəkətində 120 kq nəticə göstərən Kostova bu hərəkətdə 8-ci yeri tutub.

Qeyd edək ki, dünya çempionatına 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) qatılıb. Azərbaycanın 3 idmançı ilə yollandığı yarışda B. Kostovaya qədər Səbinə Əzimova (55 kq) gücünü yoxlayıb və ən zəiflərin mübarizə apardığı C qrupunda 4-cü olub. Sentyabrın 23-də isə Nailxan Nəbiyev (96 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək.

Mənbə: apa.az