Qasırğa F1 Yaponiya Qran-Prisinə əngəl törədə bilər

Qasırğa F1 Yaponiya Qran-Prisinə əngəl törədə bilər

Bakı, 9 oktyabr, AZƏRTAC

“GrandPX” xəbər verir ki, Formula 1 rəhbərliyi Yaponiyanın cənubunda tüğyan edən qasırğanı diqqətlə izləyir. Sinoptiklərin bədbin proqnozlarına görə, bu səbəbdən qarşıdakı Yaponiya Qran-Prisi təxirə salına bilər.

AZƏRTAC xəbər verir ki, proqnozlara görə, ölkənin həmin ərazisində küləyin sürəti saatda 240 kilometrə çata bilər. Hadisələrin bu cür əlverişsiz cərəyan etməsi halında Suzuka trasının təbii fəlakətinin mərkəzinə çevrilməsi təhlükəsi mövcuddur.

Böyük ehtimalla, son bədbəxt hadisələri, o cümlədən Formula 2 pilotu Antuan Yuberin Belçikada keçirilmiş yürüşlərdə həlak olmasını nəzərə alan Beynəlxalq Avtomobil Federasiyası adekvat reaksiya verərək yürüşü təxirə sala bilər. Son dəfə qasırğa 2014-cü ildə Yaponiya Qran-Prisinin keçirilməsinə əngəl törədib. Həmin yürüş pilot Jül Byankinin həlak olması ilə nəticələnən qəza ilə başa çatıb.

2019-cu il Yaponiya Qran-Prisi oktyabrın 11-dən 13-dək keçiriləcək.

Mənbə: azertag.az