İtaliyada futbol qarşılaşmaları zamanı irqçilik hallarına qarşı mübarizə gücləndirilir

İtaliyada futbol qarşılaşmaları zamanı irqçilik hallarına qarşı mübarizə gücləndirilir

Roma, 9 oktyabr, AZƏRTAC

İtaliyada irqçiliklə mübarizədə uğur qazanmaq üçün stadionlarda azarkeşlərin davranışlarına nəzarət edəcək idmanda irqçilik əleyhinə müşahidə məntəqəsi 2020-ci il martın 21-də fəaliyyətə başlayacaq. Həmin gün dünyada irqi ayrı-seçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Kabinetinin Ümummilli ayrı-seçkiliklə mübarizə idarəsinin (UNAR) rəhbəri Triantafilos Lukarelis ölkə futbolunda yaşanan bir sıra qalmaqallardan sonra deyib.

O, ANSA agentliyinə açıqlamasında futbolçular və məşqçilər assosiasiyaları ilə ilk görüşün keçirdiyini və həmin qurumların bu təklifə müsbət rəy verdiklərini söyləyib. T.Lukarelis İtaliya futbolunda irqçilik qalmaqalları arasında bu yaxınlarda “İnter”in hücumçusu Romelu Lukakuya və “Milan”ın yarımmüdafiəçisi Frank Kessiyə qarşı azarkeşlərin meymun səsləri çıxarmalarını misal göstərib. Təəccüblüdür ki, hər iki hadisə ilə bağlı heç kim cəzalandırılmayıb.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası “Yuventus” ilə görüşdə yerli azarkeşlərin turinlilərin bosniya və herseqovinalı yarımmüdafiəçisi Miralem Pyaniçi “qaraçı” adlandırmalarına görə “Breşia” futbol klubunun tərəfdarlarını bir oyunluq cəzalandırıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az