ABŞ-ın Milli Olimpiya Komitəsi idmançılarla sponsorlar arasında münasibətlərə dair qaydaları dəyişib

ABŞ-ın Milli Olimpiya Komitəsi idmançılarla sponsorlar arasında münasibətlərə dair qaydaları dəyişib

Bakı, 10 oktyabr, AZƏRTAC

2020-ci il Tokio Olimpiya Oyunlarında amerikalı idmançılar öz sponsorlarına minnətdarlıqlarını bildirə və onlardan açıq təbrikləri qəbul edə bilərlər. Sponsorlar isə Oyunların keçirildiyi günlərdə ümumi xarakterli reklam yerləşdirmək imkanı qazanacaqlar. Bu barədə Amerikanın “Wall Street Journal” gündəlik qəzetində bildirilir.

AZƏRTAC xəbər verir ki, mənbənin məlumatına görə, bu kiçik, lakin əhəmiyyətli dəyişikliklər ABŞ-ın Milli Olimpiya və Paralimpiya Komitəsinin qaydalarına daxil edilib. Bundan əvvəl təşkilat Olimpiya Oyunları zamanı sponsorları barədə açıq şəkildə xatırlatmağı idmançılara qadağan edirdi.

Eyni zamanda, bəzi tələblər qüvvədə qalmaqdadır. İdmançı özünün şəxsi sponsorlarını Milli Olimpiya və Paralimpiya Komitəsində qeydiyyatdan keçirməlidir. Sponsorlar isə Olimpiya intellektual mülkiyyətindən, Oyunların rəmzlərindən istifadə etməməli və ya onların Amerika milli yığmasına aidiyyətləri olması barədə təəssürat yaratmamalıdırlar.

ABŞ-ın Milli Olimpiya və Paralimpiya Komitəsinin nəzdindəki idmançıların işləri üzrə Məşvərət Komitəsinin sədri Han Syao qəzetə müsahibəsində bu dəyişiklikləri marketinq cəhətdən idmançılar üçün həqiqətən pozitiv olmasını dəyərləndirib. Onun fikrincə, yeni qaydalar idmançılar qarşısında yeni imkanlar açacaq.

Cənubi Koreyada keçirilən ötən Olimpiya Oyunlarında amerikalı idmançılara Oyunların açılışına bir həftə qalanadək və bağlanış mərasimindən 3 gün keçənədək öz adlarını, şəkillərini və ya çıxışlarının çəkilişlərini reklam məqsədilə istifadə etməyə qadağa qoyulmuşdu. Bu dövr marketinq inhisarı praktikasına qarşı mübarizə aparmaq məqsədilə tətbiq edilmişdi. Bu, rəsmi sponsorlar üçün itki ilə nəticələnmişdi.

Mənbə: azertag.az