Azərbaycan yığması Dünya Çimərlik Oyunlarında daha bir medal qazanıb

Azərbaycan yığması Dünya Çimərlik Oyunlarında daha bir medal qazanıb

Bu gün Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa start verilib.

APA-nın məlumatına görə, Kənan Əliyev (90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.

Ancaq Pənah İlyaslı (70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor Dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib. Rumıniyalı Stefan Yonut Komanı da 3:0 hesabıyla üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan Pənah gümüş medala sahib çıxıb.

Bununla da Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarında qazandığı medalların sayı 3-ə çatıb. P. İlyaslıyadək akvation idman növündə Kseniya Levkovska ikinci, Rostislav Pevtsov üçüncü yeri tutub.

Qeyd edək ki, oktyabrın 15-də İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaq.

Mənbə: apa.az