Azərbaycan yığmasının kapitanı: "Qrupda 2-ci pilləyədək irəliləyə bilərdik"

"Meydana xal qazanmaq üçün çıxmışdıq. Rəqibin çox da epizodu olmadı. Bir imkan əldə etdilər, onda da top oyunçumuzun ayağına ilişdikdən sonra qabaqlarına düşdü, vurdular və qol oldu. Biz isə çoxsaylı imkanlar yaxaladıq. Neçə zərbəmiz qapı dirəyindən qayıtdı, eyni zamanda rəqibin qapıçısı çox yaxşı oynadı".

"Report" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Hacıağa Hacılı İsveçrəyə Sumqayıtda 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib. Yığmaya "Qarabağ"dan çağırılmış yarımmüdafiəçi qələbə istəyini gerçəkləşdirə bilmədiklərini vurğulayıb:

"Hətta geridə olduğumuz vaxt da qol şanslarımızdan yararlansaydıq, ən azı heç-heçəyə sevinərdik. Amma təəssüf ki, futbol xoşbəxtliyi bizim tərəfdə deyildi. Məncə, bunun ustalıq səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Top qapı dirəyinə dəyirsə, burada hansı ustalıq lazımdır? Sadəcə, şanssızlıq yaşadıq".

Hacılı ilk dəfə rəsmi beynəlxalq oyun keçirdikləri "Kapital Bank Arena"da azarkeş dəstəyindən böyük motivasiya aldıqlarını diqqətə çatdırıb: "Doğma azarkeşlər qarşısında çıxış etdikdə daha artığını ortaya qoymaq istəyirsən. Bunu bugünkü oyunda da gördük. Ötən matçımızda da pis çıxış etməmişdik. Sadəcə, Fransa həddindən artıq güclü idi. Yalnız Gürcüstana qarşı çox pis oynamışdıq. Bu gün qələbə qazana bilsəydik, qrupda 2-ci pilləyədək irəliləyə bilərdik. Bunun üçün əlimizdən gələni etdik. Növbəti qarşılaşmalara da qələbə üçün çıxacağıq".

Hacılı matçdan sonra İsveçrə futbolçularının qələbəyə çox sevinməsinə belə reaksiya verib: "Biz də Slovakiyanı udanda çox sevinirdik. İsveçrə bizi çətinliklə uddu. Arxada oturaraq, 90 dəqiqə müdafiə olundular. Sevinmək haqlarıdır. Amma mən bundan daha çətin İsveçrə gözləyirdim. Lakin bugünkü oyun bizdən üstün olmadıqlarını göstərdi. Sadəcə, ələ düşən imkandan yararlanaraq, önə keçdilər və daha sonra hesabı qorudular".

Kapitan sayılmayan qol epizodunun video-təkrarına baxacaqlarını söyləyib: "Mən orada oyundankənar vəziyyət olduğunu görmədim. Epizoda bir daha baxacağıq, ofsayd olduğunu görsək, deməli, refer düzgün qərar verib. Yoxsa orada penalti var idi. Penalti olmasa belə, qolumuzu vurmuşduq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Salyanda üstünə qaynar süd dağılan iki uşaq xəsarət alıb

SONRAKI XƏBƏR

Gürcüstanda zəlzələ oldu