Sərbəst güləş üzrə Azərbaycan yığmasına müvəqqəti baş məşqçi təyin olunub

Sərbəst güləş üzrə Azərbaycan yığmasına müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında qurumun prezident əvəzi Namiq Əliyevin rəhbərliyi altında geniş tərkibdə iclas keçirilib.

"Report"un məlumatına görə, tədbirdə AGF rəhbərliyi ilə yanaşı, güləş yığmalarının məşqçiləri iştirak edib.

Federasiyanın başçısı sərbəst güləş üzrə millidə böyük məşqçi Zəlimxan Hüseynovun bundan sonra baş məşqçi əvəzi kimi fəaliyyət göstərməsinə qərar verildiyini açıqlayıb. Arif Abdullayevlə yanaşı, daha bir köməkçi-məşqçinin əsas komandada çalışması məqsədəuyğun sayılıb.

N.Əliyev iclasda əsas hədəfin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının olduğunu bildirib: “Təəssüf ki, Nur-Sultanda keçirilən dünya çempionatında cəmi 2 lisenziya qazandıq. Biz daha yaxşı nəticə gözləyirdik. Mümkün qədər çalışmalıyıq ki, martda Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində əksər lisenziyaları əldə edək. Hədəf heç də maksimum sayda vəsiqə qazanmaq deyil. Bizim üçün perspektiv vəd edən çəkilərdə olimpiadada təmsil olunmalıyıq. Enerjimizi bu istiqamətdə xərcləməliyik. Hamı üzərinə düşən məsuliyyəti dərk etməlidir".

Federasiya rəhbəri bu yaxınlarda yunan-Roma güləşi üzrə yığmada baş məşqçi məsələsinin həll olunduğunu və bu vəzifəyə rusiyalı Aleksandr Tarakanovun təyin edildiyini xatırladıb. O, klassik güləşçilərin Tarakanovun rəhbərliyi altında plana uyğun hazırlıq keçdiklərini vurğulayıb: "Burada işlər qaydasında gedir. Sərbəst güləş yığmamız isə baş məşqçisiz idi. Belə qərara gəldik ki, bundan sonra Zəlimxan Hüseynov baş məşqçi əvəzi kimi çalışsın. Arif Abdullayev də əsas komandada işinə davam edəcək. Eyni zamanda daha bir məşqçini bu milliyə təyin edəcəyik".
N.Əliyev bütün komandalarda nizam-intizama ciddi riayət edilməsinin vacibliyini də vurğulayıb: "Federasiya olaraq, komandalarımız üçün əlimizdən gələn dəstəyi verəcəyik. Təlim-məşq toplanışları, vitamin təminatı və sair məsələlərlə bağlı problem olmayacaq. Bütün səyimizi ortaya qoyub, yumruq kimi bir hədəfə vurmalıyıq. Tokio Olimpiadasından qızıl medalla qayıtmalıyıq. Rio-2016-dan zəif çıxış etməyə haqqımız yoxdur. Dekabrda keçiriləcək Azərbaycan çempionatı heyətin müəyyənləşdirilməsi üçün olduqca vacibdir. Vaxtımız çox azdır. İnanırıq ki, yaxşı hazırlıq keçib, əksər lisenziyaları əldə edərik”.

Mənbə: report.az