Göyçayda gərgin mübarizə, hücumlar və əks hücumlar NAR KUBOKUNU və pulları KİMlər QAZANDI..., XÜSUSİ REPORTAJ

Göyçay rayonunda bu günlərdə anons ediyimiz kimi, izdihamlı bayram tədbirləri başlayıb. Belə ki, rayonda hər il təşkil edilən və sabah noyabrın 9-da başlayacaq ənənəvi Nar Festivalı bu il ikiqat təntənə ilə yadda qalacaq. Çünki hər il festivala sponsorluq edən “AzNar” QSC şirkətinin yaradılmasının bu il 50 illiyi tamam olur.

Məlum olduğu kimi 50 il bundan əvvəl-1969-cu ildə Teymur Əhmədov tərəfindən yaradılan zavodu 2005-ci ildə oğlu, keçmiş Rusiya senatoru və biznesmen Fərhad Əhmədov alıb. O, 100 milyon dollardan çox investisiya qoymaqla zavodun yerində müasir texnologiyalara əsaslanan, dünya standrtlarına cavab verən yeni emal zavodu yaradıb. Qısa vaxt ərzində zavodun istehsal etdiyi təbii nar şirələri və digər məhsulları dünya bazarında özünə yer tutub, bir çox beynəlxalq sərgilərdə qızıl medallar qazanıb.

Zavodda hazır məhsullar qablaşdırılır

Elə bu yubiley münasibəti ilə Göyçayda dünən noyabrın 7-də futbol yarışı təşkil edilib. Virtualaz.org-un xüsusi müxbiri Göyçaydan xəbər verir ki, “AzNar” QSC-nin 50 illiyinə həsr edilən futbol üzrə Nar Kuboku uğrunda yarışa bir neçə saat əvvəl gərgin final oyunu ilə yekun vurulub.

Bu futbol turnirində Qəbələnin “Gilan”, Ağsunun “AzGranata” və Göyçayın “AzNar” komandaları olmaqla üç komanda iştirak edirdi. Komandalar Fərhad Əhmədovun maliyyə dəstəyi ilə tamamilə yenidən qurulmuş, hər cür müasir infrastruktura malik Göyçay şəhər stadionunda (biznesmen stadionun yenidən qurulması, ətrafının abadlaşdırılması üçün 3 milyon manatdan çox vəsait sərf edib,-red.) meydana çıxıblar və azarkeşlərə əsl idman bayramı əhval-ruhiyyəsi yaşadıblar.

Biznesmen Göyçayda stadion-tortu kəsir...

Turnirin ilk günündə meydançaya əvvəlcə “Gilan” və “AzGranata” komandaları çıxıb. Çoxsaylı azarkeşlərin izlədiyi gərgin oyun Ağsu komandasının 5-2 hesablı qələbəsi ilə başa çatıb. Həmin gün növbəti oyun isə “AzNar” və “Gilan” komandaları arasında keçirilib. Bu oyun da qollarla zəngin olub, gərgin idman mübarizəsi şəraitində keçib və Göyçay komandasının 8-1 hesablı qələbəsi ilə başa çatıb.

Nəhayət bu gün final oyunu keçirilib. Əvvəlki iki oyunun qalibləri-“AzNar” və “AzGranata” meydana çıxıblar. Bu yarışı Göyçaydan və ətraf rayonlardan olan minlərlə tamaşaçı, o cümlədən başda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə olmaqla yerli rəsmilər, milyarder və eks-senator Fərhad Əhmədov, rayonu təmsil edən deputatlar Elman Nəsirov və Sabir Hacıyev, güləş üzrə olimpiya çempionu Fərid Mansurov, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və bəzi xarici qonaqlar da izləyirdi.

Qonaqlar mübarizəni izləyir

Müxbirimiz bu məqamda haşiyə çıxaraq qeyd edir ki, final oyunu başlamazdan əvvəl qonaqlar stadionda Fərhad Əhmədovun vəsaiti hesabına görülən yenidənqurma işləri ilə tanış olublar. Qonaqlar bu işləri biznesmenin Göyçayda və ətraf rayonlarda futbolun inkişafına təkan verən, istedadlı futbolçuların “kəşfinə” xidmət edən dəyərli addım kimi qiymətləndiriblər.

 

Xatırladaq ki, 2016-cı ildən bu yana stadionda əsaslı təmir, yenidənqurma işləri görülüb. Süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənib, FİFA-nın standartlarına uyğun olaraq stadionda iki ədəd mini futbol meydançası yaradılıb. Habelə bir voleybol və basketbol meydançaları da qurulub. Dünya standartlarına cavab verən üç ədəd müasir trenajor meydançaları quraşdırılıb.

 

 

Göyçay şəhər stadionu

O cümlədən FİFA standartlarına cavab verən, hərəsi 20 nəfərlik olmaqla iki soyunub-geyinmə otaqları, hakim heyəti üçün müasir bina tikilib. Komandaların istifadə etməsi üçün tam təchizatlı sanitar qovşaq, duş kabinələri (20 nəfər eyni vaxtda istifadə edə bilir), yeni, yaraşıqlı kafe, mansard tipli açıq ictimai bina, gözətçi otağı tikilib. Fəxri tribuna da gözəl dizaynla yenidən tikilib, tamaşaçılar üçün yerlərin sayı 1500-dən 2500-ə qədər artırılıb. Stadionda böyük monitor da quraşdırılıb, ətrafa minlərlə şam və çinar ağacları, bəzək kolları əkilib. Asfalt örtüyü (5500 kv.m) yenilənib, digər təmir və yenidənqurma işləri görülüb.

 

Tribunalar doludur...

Stadionla tanışlıqdan sonra bu idman qurğusunun ərazisində yeni inşa olunmuş, müasir üsluba və dizayna malik “Nar” kafesinin də açılışı olub. Obyektin açılışını Fərhad Əhmədov edib. Mərasimdə çoxsaylı yerli sakinlər-sadə insanlar biznesmenə yaxınlaşaraq ona gördüyü bu xeyirxah işlər üçün təşəkkür edirdilər.

Nəhayət final oyunu başlayıb. Oyun ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçib, “AzNar” komandası hücum taktikasına üstünlük verib və rəqibinin qapısı ağzında bir-birinin ardınca qol vəziyyətləri yaradıb. Lakin “AzGranata” futbolçuları güclü müdafiə qurmuşdular və bu səbəbdən oyunda hesabı ikinci hissədə açmaq mümkün olub.

meydanda gərgin mübarizə gedir

55-ci dəqiqədə “AzNar”ın hücumçusu çevik manevrlər edərək rəqibin cərimə meydançasına daxil olub, müdafiəçi qapıya qolun vurulmasının qarşısını ancaq qayda pozuntusu ilə ala bilib. Lakin bu da “AzGranata”nı qoldan xilas etməyib-“AzNar”ın hücumçusu, 8 nömrəli Fəxri Hüseynli 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Komandanın minlərlə azarkeşləri bu qolu əsl azarkeş üslubunda qeyd edib-“Aznar” sədaları ətrafa yayılıb. Növbəti dəqiqələr də gərgin keçib, amma hesab dəyişməyib. “AzNar” 1-0 hesabı ilə qalib gələrək Nar Kubokunu qazanıb.

...və mükafatlar

Qeyd edək ki, “AzNar” QSC 1-ci yeri tutan komandaya 15 min, ikinci yeri tutana 10 min və nəhayət üçüncü yerdə qərarlaşan komandaya 5 min manat mükafat təyin etmişdi.

Oyun başa çatandan sonra F.Əhmədov azarkeşlərin müşaiyəti ilə meydançaya daxil olub, hər iki komandanı təbrik edib. Turnirə qatılan komandalara təyin edilmiş pul mükafatlarını və xatirə kuboklarını verib. Turnirin baş mükafatı isə əlbətdə, “AzNar” komandasına təntənəli şəkildə təqdim olunub. Komandanlarla, qonaqlarla, azarkeşlərlər və oyunu izləyən paralimpiyaçılarla xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Göyçayda Nar Kuboku uğrunda futbol yarışı artıq bir neçə ildir təşkil olunur və ənənə xarakterini alıb. Bu yarış regionda futbola marağı artırmaqla yanaşı ölkə futboluna da yeni peşəkar oyunçular qazandırmağa xidmət edir.

Sabah noyabrın 9-da, milli bayram olan Bayraq Günündə isə Göyçayda daha böyük izdiham yaşanacaq. Bu izdiham barədə xüsusi reportajı da oxuculara çatdıracağıq.

Virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Xirosima şəhəri, yoxsa məcburi köçkünlərin yaşayış məskəni? - VİDEO

SONRAKI XƏBƏR

Mi Note 10 smartfonu təqdim olundu