“Növbəti oyunu düşünməliyik”

“Növbəti oyunu düşünməliyik”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, Vüqar Məmmədin baş məşqçisi olduğu komanda Yunanıstan yığması ilə qarşılaşıb.

Görüş Ellada təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeganə qolunu penaltidən milliləşən legioner Berkay Vardar vurub.

U-17 qrup mərhələsində növbəti oyununu noyabrın 16-da Almaniya yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qarşılaşmadan sonra millinin baş məşqçisi AFFA-nın rəsmi saytına açıqlamasında məğlubiyyəti unutmalı olduqlarını bildirib: “İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.

Mənbə: qafqazinfo.az