Marek Hamşik: "Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm"

Marek Hamşik: "Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm"

"İstirahət etdikdən sonra qarşıdakı iki vacib oyunu səbirsizliklə gözləyirəm".

"Report"un məlumatına görə, bunu Slovakiya yığmasının kapitanı Marek Hamşik Xorvatiya və Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin son seçmə matçları barədə danışarkən deyib. Müqavilə üzrə Çinin "Dalyan İfan" klubuna məxsus 32 yaşlı futbolçu zədədən sonra bərpa prosesini fitnes məşqçisinin rəhbərliyi altında fərdi qaydada keçdiyini bildirib.

O, sentyabrın 6-da evdə Xorvatiyaya 0:4 hesabı ilə uduzduqları matçı çoxdan unutduqlarını bildirib: "Biz yalnız yaxşı çıxış etdiyimiz qarşılaşmaları düşünməliyik. Xorvatiya yığması kimi keyfiyyətlərə malik deyilik, amma turnir cədvəlində irəliləmək üçün sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan yığması E qrupunda yeganə böyük hesablı məğlubiyyətini iyunun 11-də "Bakcell Arena"da məhz Slovakiyadan alıb. Həmin matçda Marek Hamşik "dubl" edib. Nikola Yurçeviçin baş məşqçi olduğu kollektivin son oyunu da bu komanda ilə olacaq. Noyabrın 19-da Trnavada keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Xorvatiya - Slovakiya matçı isə oktyabrın 16-da Riyeka şəhərində olacaq.

Mənbə: report.az