Tərtər Olimpiya İdman Kompleksinin tikintisi yekunlaşıb

Tərtər Olimpiya İdman Kompleksinin tikintisi yekunlaşıb

Tərtər, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər şəhərində inşa edilən Azərbaycanda sayca 44-cü Olimpiya İdman Kompleksində tikinti işləri yekunlaşıb. Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Prezident İlham Əliyev fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Tikintidə iş icraçısı Atamalı Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. İdman infrastrukturunda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində min tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Hazırda kompleksdə son tamamlanma işləri aparılır. Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq.

Mənbə: azertag.az