Jelko Sopiç: "Sabah"ın öz tərzinin olmasını arzulayıram"

Jelko Sopiç: "Sabah"ın öz tərzinin olmasını arzulayıram"

“Oyundan əvvəl bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Müdafiə blokunda yaxşı çıxış etməliydik. Çünki “Qarabağ" keyfiyyətli oyunçulardan qurulub”.

"Report" xəbər verir ki, bunları "Sabah"ın baş məşqçisi postunda debüt edən Jelko Sopiç Premyer Liqanın XIII turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Xorvatiyalı mütəxəssis debüt matçını belə şərh edib: “Məşqlərdə futbolçulara nə göstəriş verilmişdisə, meydanda onu gördük. Futbolçularım meydanda öz ürəklərini ortaya qoydular. Fərdi cəhətdən rəqibin oyunçuları daha keyfiyyətlidi. Bu, müzakirəsiz belədir. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktikanın çox önəmi yoxdur. Oyunçularımın heç birinə irad bildirə bilmərəm. Çünki meydanda əllərindən gələni etdilər”.

- Ötən turda “Sabah”ın qələbəsində böyük rol oynayan Ekşteyn və Diallo bu gün ehtiyatdan meydana daxil oldular. Bunun səbəbi nə idi?

- Bu taktikanı seçmişdim. Çünki onları meydana buraxsaydıq, müdafiə cəhətdən kompakt oynaya bilməyəcəkdik. “Səbail”ə də, digərlərinə də hörmət edirəm. Amma “Səbail”lə “Qarabağ” eyni deyil. Məsələn, İspaniya çempionatında “Xetafe” ilə “Real” və “Barselona”ya qarşı eyni taktika ilə çıxa bilməzsən.

- Gəlməzdən əvvəl Azərbaycan çempionatı ilə nə bağlı nə bilirdiniz, burda məqsədiniz nədir?

- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. Həmçinin “Qarabağ”ın avrokuboklardakı, “Neftçi”nin çempionat oyunlarına baxmışdım. Yurçeviç və Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan millisinin oyunlarını izləmişdim. Amma əsas öz komandam barədə düşünürəm.

Limit məsələsini bilirəm. Lakin bu gün 3 legionerlə çıxış etdik. Mənim komandamda həmişə ən yaxşılar meydana çıxır. Bu gün meydana çıxan oyunçular da ürəklərini ortaya qoydular. Rəqib məşqçini də təbrik etmək lazımdır. Çünki onlar meydanda daha uğurlu oldular.

O ki qaldı məqsədə, “Sabah”ın çox gənc komanda olduğunu bilirəm. Klubun bütün komponentlərdə güclü olmasını istəyirəm. “Sabah”ın öz tərzinin olmasını arzulayıram.

Mənbə: report.az