Macar idmanında irqçi qalmaqalı baş verib

Macar idmanında irqçi qalmaqalı baş verib

Budapeşt, 5 dekabr, AZƏRTAC

Konkisürmə yarışları üzrə Olimpiya çempionu, 2018-ci ildə Cənubi Koreyada keçirilmiş Qış Olimpiya Oyunlarının kişilər arasında 5000 metrlik estafetinin qalibi Çaba Buryan irqçilik zəminində qalmaqalın mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, macar idmançı özünün Instagram səhifəsindəki fotoşəkilin altında Çinlə bağlı təhqiramiz sözlər yazıb. O, sosial şəbəkədə “Lənətə gəlmiş Çin” (ritorika yumşaldılıb – qeyd: AZƏRTAC) kəlmələrini qeyd edib.

Öz yetirməsinin bu cür hərəkətinə ilk reaksiya verən Macarıstan yığma komandasının məşqçisi, Çin mənşəli Lina Janq Jin etiraz əlaməti olaraq istefa verib. Lakin Macarıstanın Konkisürmə Milli Federasiyasının rəhbərliyi istefa ərizəsini qəbul etməyib və məşqçidən tələsməməyi xahiş edib.

Lina Janq Jin özünün Facebook səhifəsində yazıb ki, “macar idmançının, xüsusən Olimpiya çempionu olan şəxsin ritorikasına dözmək” mümkün deyil.

Çaba Buryan artıq baş verənlərlə bağlı təəssüfləndiyini bildirib. O, bu hərəkətini belə izah edib ki, bu istirahət günlərində yarışlarda iştirak etmək üçün Şanxay Beynəlxalq Aeroportuna gəldiyində uzun növbədə dayanmalı olub.

Macarıstanın Konkisürmə Milli Federasiyası bəyan edib ki, tezliklə bu təşkilat tərəfindən baş verənlərlə bağlı rəsmi bəyanat hazırlanacaq.

Mənbə: azertag.az