"Qəbələ"nin ispaniyalısı: "Mübarizə davam edir, sonuna kimi döyüşəcəyik"

"Qəbələ"nin ispaniyalısı: "Mübarizə davam edir, sonuna kimi döyüşəcəyik"

Azərbaycan Premyer Liqasının XIV turunun "Sumqayıt" - "Qəbələ" (1:1) matçından sonra qonaqların üzvü Fernan Lopez Offsideplus.az-a müsahibə verib.

İspaniyalı yarımmüdafiəçi əvvəlcə qarşılaşmanı dəyərləndirib:

"Çətin oyun olacağını bilirdik. "Sumqayıt" mövsümə yaxşı başlayıb. Onlar meydanın hər nöqtəsi üçün mübarizə aparırdılar. Biz də geri qalmamağa çalışırdıq. Qarşılaşmaya yaxşı başladıq. Hesabı açdıq. Lakin sonradan hakim oyunu "sındırdı". Qapımıza 11 metrlik cərimə zərbəsi təyin etdi. Lakin həmin qərar yanlış idi. Ikinci hissəyə yaxşı başladıq. Hücum etməyə cəhd edirdik. Sonrada verilən 2 qırmızı vərəqə hər şeyi alt-üst etdi. Oyunun balansı qorumağa çalışdıq və bunu bacardıq".

- Bu situasiyaya görə 1 xal qazanmaq sizin üçün qənəatbəxş hesab oluna bilər?

- Matça qələbə üçün başlamışdıq. Hətta hesabı da biz açdıq. Lakin sonradan hakimin qərarları oyunumuzu korladı. Turnir cədvəlində irəliləmək üçün yaxşı şans yaranmışdı. Lakin referi buna qarşı çıxdı. Bir xal qazandıq. Buna görə üzgün olsaq da, qane olmalıyıq. Mübarizə davam edir, son kimi döyüşəcəyik.

- Bu mövsüm "Sumqayıt"a qarşı qələbə qazana bilməmisiniz. Doğma meydanda da məğlub olmuşdunuz...

- Məsələ "Sumqayıt"la bağlı deyil. Onlara qarşı hücumlar edirik, amma sonda fərqlənə bilmirik. "Sumqayıt" adi komanda deyil. Bu mövsüm çox yaxşı oyun sərgiləyirlər. Hər oyuna yüksək motivasiya ilə çıxırlar. Indi alınmadı, amma növbəti oyunda qalib gələcəyik.

- Mövsümün ikinci yarısında daha yaxşı "Qəbələ" görə biləcəyik?

- Mövsümün ilk 6 həftəsi bizim üçün biabırçı keçdi. Daha sonra "Qarabağ"la heç-heçə etdik. Bundan sonra düzəlməyə çalışdıq. Ikinci hissəyə yaxşı başlamağa çalışıb turniri daha yaxşı yerlərdə başa vurmaq istəyirik. Bunun üçün hər şey edəcəyik.

Sultan Soy

Mənbə: offsideplus.az