Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Sabah futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək ilk oyunlar çərçivəsində 4 matç baş tutacaq.

Bütün cütlərin bir il əvvəl - ötən mövsümün 1/4 finalında üz-üzə gəlməsi qarşılaşmalara xüsusi rəng qatır. Görüşlər dörd komanda üçün revanş, dördü üçün növbəti uğur xarakteri daşıyır. Üstəlik, cütlərdən ikisi Premyer Liqada mövsümün ilk yarısının son turunda da üz-üzə gəlib.

Çempionatın iddialıları “Qarabağ”la “Keşlə” Premyer Liqa matçından 8 gün sonra Ağdam təmsilçisinin meydanında görüşəcək. Son illərin çempionu oyununda müşahidə olunan enişi mərhələ keçməklə unutdurmaq niyyətindədir. Bakılılar isə həm ötən mövsümkü kubok məğlubiyyətinin, həm çempionatdakı geriqalmanın əvəzini çıxmalıdır.

6 gün əvvəl qarşılaşan “Səbail”lə “Zirə”də ardıcıl üç dəfə görüşməlidir. 10 oyundur qələbə nə olduğunu bilməyən autsayder uğursuzluqları kubokda unutdurmaq əzmindədir. Həm ötən tur, həm ötənilki kubokda uduzan “Səbail” revanş hissi ilə alışıb-yanırsa, zirəlilər yenidən yarımfinal həyəcanı yaşamağa köklənib.

Ölkənin ən titullu klubu “Neftçi” “Sumqayıt”la qarşılaşacaq. İlin sonunda özünə gələn bakılılar ötən qış yarımfinal yolunu kəsən rəqibdən qisas almaq üçün meydana çıxacaq. Sumqayıtlılar isə avrokubok xəyalını gerçəkləşdirmək üçün daha asan görünən kubok yolunda addımlamağı planlaşdırırlar

1/4 final mərhələsi Qəbələ şəhər stadionundakı matçla başlayacaq. Ötən mövsüm kuboku başı üzərinə qaldıran “Qəbələ” “Sabah”la üz-üzə gələcək. Yay transferləri fonunda fiasko ilə üzləşən bakılılar ötənilki məğlubiyyətlərin əvəzini çıxmalıdır. Gənclərdən qurulan meydan sahibləri isə titulunu asanlıqla əldən verməyəcəyi bəllidir.

Qeyd edək ki, cavab oyunları dekabrın 19-20-də keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

15 dekabr (bazar)
“Qəbələ” – “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Zirə”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“ASCO Arena”, 17:00

16 dekabr (bazar ertəsi)
“Neftçi” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Mənbə: apa.az