“Judo Club 2012”nin karateçiləri cari ilə qələbələrlə start veriblər

“Judo Club 2012”nin karateçiləri cari ilə qələbələrlə start veriblər

Ölkəmizin tanınmış idman klublarından olan “Judo Club 2012”nin yetirmələri həm yerli, həm də beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar. Xorvatiyanın Samobor şəhərində yeniyetmə və gənclər arasında karate üzrə 29-cu beynəlxalq Qran-Pri turnirində Azərbaycan komandasının tərkibində “Judo Club 2012”nin iki karateçisi - Abbas Dadaşov (68 kq) və Fərid Ağayev (76 kq) də mübarizə aparıblar.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idman ocağının yetirməsi Abbas Dadaşov kumite üzrə 16-17 yaşlı idmançıların yarışında bürünc medal qazanıb. Bu turnir fevralın 7-9-da Budapeştdə keçiriləcək yeniyetmə və gənclərin Avropa birinciliyinə sonuncu seçmə hazırlıq yarışı olub. Azərbaycan çempionatında ikinci, seçmə görüşlərdə isə birinci yeri tutan Abbas Dadaşov Xorvatiyada da ümidləri doğruldaraq qitə birinciliyinə vəsiqə qazanıb.

Qran-Pri turnirində yarımfinala qədər irəliləyən klubun digər təmsilçisi Fərid Ağayev isə həm Azərbaycan çempionatının, həm də seçmə görüşlərin qalibi kimi qitə birinciliyində iştirak hüququ əldə edib.

Klubun karateçiləri növbəti uğuru 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qazanıblar. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda uşaq, yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar. Beynəlxalq turnirdə inamla mübarizə aparan “Judo Club 2012”nin yetirmələri yarışı 1 gümüş və 2 bürünc medalla başa vurublar. Klubun aktivinə yeganə gümüş medalı 12-13 yaşlı idmançılar arasında mübarizə aparan Ramazan Əlizadə (40 kq) yazdırıb. Bu yaş kateqoriyasında 35 kiloqram çəki dərəcəsində yarışan Hüseyn Muxtarzadə isə bürünc medala layiq görülüb. Daha bir bürünc medalı 14-15 yaşlı idmançıların yarışında qüvvəsini sınayan Rəsul Abbasov (52 kq) qazanıb.

“Judo Club 2012”nin idmançıları yarışda klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudovun və məşqçi Namiq Pirverdiyevin rəhbərliyi ilə iştirak ediblər.

 

Mənbə: azertag.az