Oğlanlar arasında həndbol üzrə Azərbaycan birinci liqası yarışına start verilib

Oğlanlar arasında həndbol üzrə Azərbaycan birinci liqası yarışına start verilib

Həndbol üzrə 2004-cü il və aşağı təvəllüdlü oğlanlar arasında Azərbaycan birinci liqası yarışına start verilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məqsəd Azərbaycanın şəhər, rayonlar və uşaq-gənclər idman məktəblərində həndbolu təbliğ və inkişaf etdirmək, ən güclü həndbolçuları aşkarlamaq, seçmə komandaya namizədlər seçməkdir. Eləcə də məqsəd həndbolun coğrafiyasının genişlənməsi və ölkədə gənclər arasında sağlam həyat tərzinin təbliği, komandaların və idmançıların idman ustalığı səviyyələrinin artırılması, Azərbaycanın yeniyetmə, gənclər, milli və olimpiya seçmə komandaları üçün yüksəkixtisaslı idmançıların hazırlığı, ölkəmizdə həndbolun inkişafıdır.

Yarışda iştirak etmək istəyən komandalar həndbol üzrə Azərbaycan Respublikası birinci liqasının

hazırlığına və keçirilməsinə ümumi rəhbərlik edən Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, bütün rayon komandalarının nəqliyyat, yemək və qalmaq xərcləri Azərbaycan Həndbol Federasiyası tərəfindən, qaliblərin mükafatlandırılması xərcləri və hakimlərin əməkhaqları isə Gənclər və İdman Nazirliyi tərəfindən ödəniləcək.

Mənbə: azertag.az