Çingiz Hüseynzadə: Atletlərimizin lisenziya xarakterli yarışlarda “Tokio 2020”yə vəsiqə qazanacaqlarına inanıram

Çingiz Hüseynzadə: Atletlərimizin lisenziya xarakterli yarışlarda “Tokio 2020”yə vəsiqə qazanacaqlarına inanıram

Azərbaycan atletlərinin növbəti aylarda keçiriləcək lisenziya xarakterli yarışlarda “Tokio 2020”ə vəsiqə qazanacaqlarına inanıram.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a müsahibəsində deyib.

Ç.Hüseynzadə bildirib: “Atletika üzrə 37-ci Azərbaycan çempionatı yay mövsümünə hazırlıq xarakteri daşıyır. Bildiyiniz ki, bu il Olimpiyada ilidir və bizim atletlər də Olimpiadaya lisenzia qazanmaq üçün mübarizə aparırlar. Bugünkü ölkə çempionatında qalib gələn idmançılar növbəti beynəlxalq turnirlərdə iştirak etmək hüququ qazanacaqlar. Hesab edirəm ki, bundan sonra keçiriləcək silsilə yarışlarda bir neçə idmançımız “Tokio 2020”yə vəsiqə qazanacaq. Qış çempionatında yay yarışlarının uğurlu olması üçün sağlam təməllər atılır”.

Azərbaycan atletlərinin qarşıdakı yarışlarından danışan federasiya prezidenti qeyd edib: “Növbəti aylarda atletika üzrə bir sıra beynəlxalq yarışlar təşkil olunacaq. Həmin yarışlarda bizim idmançılar da iştirak edəcəklər. Fevralda idmançılarımız Türkiyədə Balkan çempionatında və İstanbul kuboku turnirində iştirak edəcəklər. Bundan əlavə, Nazim Babayev Parisdə, Yekaterina Sarıyeva İtaliyada lisenziya xarakterli turnirlərdə iştirak edəcəklər. Bütün bu yarışlar Olimpiya Oyunlarına hazırlıq proqramı çərçivəsində keçiriləcək”.

Mənbə: azertag.az