"Ağsu" rəsmisi: "Futbolçulardan şübhələnirdim, sübutum yox idi"

"Ağsu" rəsmisi: "Futbolçulardan şübhələnirdim, sübutum yox idi"

"Komandanın çempionatdan çıxacağı çoxdan bəlli idi. Gərək belə etməyəydilər. Nə qədər adam çörəksiz qaldı".

Bunu apasport.az saytına açıqlamasında "Ağsu"nun baş məşqçisi Zaur Əsədov deyib.

Danışılmış oyunlarda iştirakına görə 14 futbolçusu və 3 rəsmisi futboldan uzaqlaşdırılan bölgə təmsilçisi I diviziondan çıxıb və fəaliyyətini dayandırıb. Məsələyə münasibət bildirən Zaur Əsədov aşağı yaş qruplarının dağıdılmasının yanlış addım olduğunu söyləyib: "Dörd yaş qrupumuz var idi. Yaxşı, onların günahı nə idi? Deyək ki, rəhbərlik əsəbləşdi, əsas komandaya baxmaq istəmədi. Heç olmasa aşağı yaş qrupu üzrə komandalar davam edərdilər. Axı burada uşaq futbolu üçün şərait var idi, müəyyən dərəcədə inkişaf olmuşdu".

Baş məşqçi matçlar zamanı futbolçuların oyunları "satmalarından" şübhələndiyini və AFFA-nı da bununla bağlı məlumatlandırdığını vurğulayıb: "Açığı, hiss edirdim ki, nəsə var. Amma əlimdə sübut yox idi. Oyunlarda bunları hiss edirdim, şübhələnirdim. Növbəti oyunda digər futbolçuları oynadırdım, onlar da səhv edirdilər. 5-10 manatdan ötrü adlarını, karyeralarını məhv etdilər, kluba, Azərbaycan futboluna ziyan vurdular. Əslində birinci dövrənin başa çatmasını gözləyirdim ki, onları göndərim, komandanı gəncləşdirim. Təəssüf ki, AFFA hər şeyi hamıdan əvvəl bildi. Rəhbərliklə görüşlərimiz də olurdu, oyunları təhlil edirdik, uşaqlara xəbərdarlıq edirdik. Həmçinin AFFA ilə də əlaqədə idik, onları məlumatlandırırdıq ki, belə hallardan şübhələnirik, sadəcə əlimizdə sübut yoxdur".

Gənc mütəxəssis I divizionun formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: "Birinci diviziona diqqət ayırmaq lazımdır. Futbolçuların maaşları gərək yaxşı olsun, normal şərait yaradılsın. I divizionu əvəzedicilərdən ayırmaq, limitdə dəyişiklik etmək lazımdır. Əvvəlki I divizionun səviyyəsini bərpa etsəydilər, belə şeylər olmazdı. Düzdür, indi danışılır ki, növbəti mövsüm iki komanda Premyer Liqaya yüksələcək. Amma hələ də heç kim buna inanmır. Dəqiqləşdirmək lazımdır ki, bu komandalar yüksək liqada oynamağa hazırdırlarmı?".

Qeyd edək ki, 2020/21 mövsümündə Premyer Liqada 10 klubun iştirakı planlaşdırılır. Birinci diviziondan “Turan-Tovuz” və “Kəpəz” komandalarının yüksək dəstəyə çıxacağı bildirilir.

Mənbə: apa.az