Könül Nurullayeva alpaqutçularla görüşdü - FOTO

Könül Nurullayeva alpaqutçularla görüşdü - FOTO

Bir neçə gün əvvəl alpaqutçularla çox maraqlı görüşüm oldu. Onların dəvətini qəbul edərək bu gözəl idman sənətinə, onu yaradan və yaşadanlara dəstəyimi göstərmək istədim və ümid edirəm buna nail ola bildim.

Bu sözləri 24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva seçicilərlə növbəti görüşünün təəssüratlarını bölüşərkən bildirib. K.Nurullayeva alpaqutu milli özünə məxsusluq hissini inkişaf etdirən və eyni zamanda milli iftixar hissini ifadə edən bir döyüş sənəti kimi qiymətləndirib:

“Qürurverici haldır ki, Alpaqut Turan döyüş sənətinin idman növü və Dünya Alpaqut Federasiyası adında beynəlxalq idman təşkilatı kimi əsası Azərbaycan türkləri tərəfindən qoyulub. Qısa zamanda 40-dan çox ölkədə nümayəndəlik və 20-dən çox ölkədə olan Dünya Alpaqut Federasiyası çox böyük uğurlara imza atıb. Təqdir olunacaq digər məqam, Azərbaycan Alpaqut Federasiyası tərəfindən hər il Heydər Əliyevin, şəhidlərimizin xatirəsinə həsr edilən müxtəlif yarışların keçirilməsidir”.

Fəaliyyətinin böyük hissəsi idman və gənclərlə iş siyasəti olan K.Nurullayeva bu səbəbdən həmin görüşün ona doğma hisslər yaşatdığını qeyd edib:

“Namizədliyimi irəli sürdüyüm Nizami rayonu çoxsaylı idmançıların yaşadığı ən böyük rayondur. Alpaqut federasiyasının Nizami rayonu üzrə şöbəsi də digər rayonlardan aktivlikləri, əldə etdikləri nəticələri ilə xüsusi fərqlənirlər”.

“Görüşdə qeyd etdim ki, bu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Könüllülər ili” elan olunub. Cənab Prezident tərəfindən bu qərarın qəbul edilməsi təsadüfü deyil. Bu Prezidentin ictimai nəzarətin gücləndirilməsi hesabına hamımızı neqativ hallara qarşı birgə mübarəzəyə səsləyən bir qərardır. Görüşümüzün iştirakçılarını könüllü olaraq, əl-ələ verib birlikdə daha həvəslə, əzmlə böyük işlər görməyə, o cümlədən, 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə aktiv şəkildə iştirak etməyə səslədim”, - deyə Könül Nurullayeva görüşünü şərh edib.

Sonda deputatlığa namizəd dəvətlərinə və göstərdikləri dəstəyə görə federasiya rəhbərliyinə, bütün alpaqutçulara təşəkkürünü bildirirək, gələcək fəaliyyətlərində uğurlar, yeni qələbələr arzu edib.

Mənbə: www.oxu.az