UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA AVRO-2020-nin qrup oyunlarını Bakıda keçirəcək milli komandaların turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə yığması Avropa çempionatının startına kimi 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Martın 27-də Lyublyanada Sloveniyanın qonağı olacaq "ay-ulduzlular" 3 gün sonra Vyanada Avstriya seçməsi ilə üz-üzə gələcəklər. Şenol Güneşin baş məşqçi olduğu kollektiv növbəti yoldaşlıq görüşlərini may və iyun aylarında keçirəcək. Mayın 26-da Antalyada Azərbaycan millisi ilə qarşılaşacaq türklər iyunun 1-də Osiekdə Xorvatiya yığması ilə oynayacaq.

İsveçrə seçməsi martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteyn millisi ilə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcəklər.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Mənbə: report.az