Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Abilimpiks Federasiyası arasında əməkdaşlıq barədə razılıq əldə edilib

Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Abilimpiks Federasiyası arasında əməkdaşlıq barədə razılıq əldə edilib

Tokio, 25 fevral, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) fiziki məhdudiyyətli şəxslərin bacarıq yarışlarına qatılması üçün Beynəlxalq Abilimpiks Federasiyası ilə əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma AMPK-nın şöbə müdiri Rüfət Hacılının Beynəlxalq Abilimpiks Federasiyasının baş katibi Yoko Tsuruya ilə fevralın 25-də Tokioda keçirilən görüşündə əldə edilib.

AMPK-nın nümayəndəsi ilə görüşdən məmnunluğunu bildirən Y.Tsuruya əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deyib.

Azərbaycan rəhbərliyinin paralimpiya hərəkatına böyük diqqət və qayğı göstərdiyini qeyd edən R.Hacılı məhz bu məqsədlə AMPK tərəfindən Beynəlxalq Abilimpiya Federasiyasına üzv olmaq üçün müraciət edildiyini və üzvlük haqqında müvafiq qərarın qəbulundan sonra Azərbaycanda Abilimpiya Federasiyasının təsis olunacağını bildirib.

Qeyd edək ki, bu hərəkat Azərbaycanda da fiziki məhdudiyyətli şəxslərin bacarıq yarışlarının təşkilinə və gələcəkdə bu qəbildən idmançılarımızın beynəlxalq yarışlara qatılmasına geniş imkan yaradacaq.

Görüşdə Azərbaycan paralimpiyaçılarının “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarına qatılması ilə bağlı görülən hazırlıq işləri barədə də qarşı tərəfə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan nümayəndə heyəti Yaponiyanın yarışların yüksək səviyyədə təşkili üçün lazım olan bütün addımları atacağına əmindir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az