Rauf Məmmədov: “Üzgünəm, uşağı məğlub edə bilmədim” - MÜSAHİBƏ

Rauf Məmmədov: “Üzgünəm, uşağı məğlub edə bilmədim” - MÜSAHİBƏ

Azərbaycan şahmatçısı Rauf Məmmədov Rusiya mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, təcrübəli qrossmeyster 18-ci dəfə qatılmaqla rekordçusu olduğu “Aeroflot Open” turniri, Rusiya paytaxtı Moskvadakı çıxışı barədə fikirlərini açıqlayıb.

- Rauf, indi hansı hissləri keçirirsiniz?
- Hələlik heç nə başa düşməmişəm. Bir tərəfdən də çox üzgünəm. Hər halda, mən rəqibi 200 reytinq xalı qabaqlayıram və yaşda iki dəfə böyüyəm. Yəni, mən uşağı məğlub edə bilmədim. Digər tərəfdən müasir şahmat o qədər gəncləşib ki, mənim dostum Anton Korobov turnirdən sonra zarafatca tezliklə 3 yaşlı uşaqların qalib gələcəyini dedi. Bir sözlə, qələbə planı tapa bilməməyimdə təəccüblü heç nə yoxdur. Hərçənd sonradan kompüterdə baxdım ki, heç belə plan da yox idi. Qərara aldım ki, nə özümü, nə rəqibi, nə də azarkeşləri yormayıb, heç-heçəyə razılaşım.

- “Aeroflot Open”də 18-ci dəfə iştirak edirdiniz. Bu, mütləq rekorddur...
- Nə gizlədim. Çox istəyirdim ki, qalib gəlim. Mən bu oyunda qələbə dalınca gedirdim, amma qismət deyilmiş. Deməli, növbəti il çalışacağam. Etiraf edim ki, mənim unikal şansım var idi. Yeganə təsəllim odur ki, Aydına görə ağlasığmaz dərəcədə şadam. Onun birinci mükafatı götürməsi əsl sensasiyadır.

- İndi idman dünyasında koronavirusa görə panika yaranıb...
- Bəli, bir az ehtiyat var idi. Çünki kütləvi isterika təzyiq edir. Amma mən fikir vermirdim. Yeddi çinli oynamalı idi, amma yalnız biri gəlmişdi. Mənə elə gəlir ki, bütün bunlar tarixi piardır. Mən bu virusdan çəkinmirdim və sakitcə turnirə yollandım.

- Ümumilikdə turnir necə təsir bağışladı?
- Havası ilə təəccübləndirdi. Heç vaxt Moskvada ilin bu dövründə belə isti olmayıb. Mavi səma, əla əhval-ruhiyyə. Sanki biz Rusiya paytaxtında deyil, Bakıdayıq. Bəlkə də ona görə də turniri eyni səviyyədə keçirib, bir oyunda da uduzmadım.

- Qarşılaşmadan sonra Aydına nə dediniz?
- Səmimi təbrik etdim və qucaqladım. Bu oğlanın nəhəng gələcəyi var. Düşünürəm ki, biz hələ uzun müddət Azərbaycan yığmasında birlikdə oynayacağıq. Sevinirəm ki, bizdə belə səviyyədə nəsil yetişir.

- Birinci yerin belə bölüşdürülməsindən sonra ən yaxşı dərman nədir?
- Yaxşı yatmaq. Qarşıda hələ blits-turnir var. Orda qələbə qazanmağa çalışacağam. Əgər bunu bacarsam, hər şey öz yerini alacaq.

Mənbə: apa.az