Naxçıvanda idmanın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvanda idmanın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib

Şahbuz, 28 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 1143-ü qız, 2222-si oğlan olmaqla, ümumilikdə, 3365 yeniyetmə və gənc idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan 13 uşaq idmanın müxtəlif növlərinə cəlb olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Şahbuz rayonunda bədən tərbiyəsi və idmanın inkişafına dair müşavirədə səsləndirilib.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək bildirib ki, muxtar respublikada bədən tərbiyəsi və idman siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələrdə verilən tapşırıqların icrası yeniyetmə və gənclərin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələrinə hərtərəfli şərait yaradır. 2020-ci il fevralın 1-də keçirilən növbəti müşavirədə Ali Məclisin Sədri muxtar respublikada idmanın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Bu ay “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Muxtar respublikada həyata keçirilən tədbirlər rayonda da idmanın inkişafına öz təsirini göstərib və kütləviliyə nail olunaraq müəyyən uğurlar əldə edilib.

Rəfael Babayev diqqətə çatdırıb ki, rayonun 23 ümumtəhsil müəssisəsində müasir idman zalları, açıq idman qurğuları, rayon mərkəzində Uşaq-gənclər şahmat və İdman məktəbləri, Şahbuz şəhər stadionu, Şahbuzkənd, Kükü, Kolanı və Nursu kənd futbol meydançaları yeniyetmə və gənclərin istifadəsinə verilib. Rayonda voleybol, futbol, sərbəst güləş, yüngül atletika, şahmat, karate-do və paralimpiya federasiyalarının bölmələri fəaliyyət göstərir.

Müşavirədə Şahbuz rayonunda 2020-ci ildə gənclər və idman sahəsində görüləcək işlərlə bağlı icra hakimiyyətinin tədbirlər planı təsdiq edilib.

Sonra Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanovun, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Gülmalıyevin və Təhsil Şöbəsinin müdiri Araz Məmmədovun çıxışları dinlənilib.

Tədbirdə 2019-cu ildə idman sahəsində fərqlənən məşqçi-müəllimlər və idmançılar mükafatlandırılıb.

Mənbə: azertag.az