Fransada parad zamanı "Uçan adam"ın təqdimatı olub

Fransada parad zamanı "Uçan adam"ın təqdimatı olub

Fransa ordusunun əsgərləri yaxın vaxtlarda xüsusi aparat vasitəsi ilə uça biləcəklər.

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələri naziri Florans Parli Parisdə Bastiliya qalasının alınması münasibətilə keçirilən parad zamanı jurnalistlərə deyib.

Almaniyanın Federal Kansleri Angela Merkel, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza da daxil olmaqla Avropa İttifaqından 11 yüksək rəsmi qonağın və Fransa Prezidenti Emanuel Makronun iştirak etdiyi bu tədbirdə "Uçan adam"ın təqdimatı olub.

"Flyboard" adlı "uçan maşın" 10 dəqiqə müddətində 190 km/saat sürətlə uça bilir. Paradda aparatı onun ixtiraçısı "jetski" (aquabike) üzrə keçmiş dünya çempoinu fransalı Franki Zapata təqdim edib və onunla havaya qalxıb. Bu qeyri-adi uçan maşından Fransa Silahlı Qüvvələri yaxın vaxtlarda hərbi məqsədlər üçün istifadə edə biləcəklər.

Mənbə: report.az