Lüləsi dəyişdirilə bilən snayper tüfəngləri - EKSPERT BAXIŞI

Lüləsi dəyişdirilə bilən snayper tüfəngləri - EKSPERT BAXIŞI

Nəzərə alsaq ki, snayper tüfənglərinin mərmiləri arasında qiymət fərqi 5-6 dəfəyə qədərdir, o zaman təlim üçün daha ucuz 7.62x51 mm mərmilərindən, real hədəflərə qarşı isə standart 8.6x70 mm sursatlarından istifadə edilməsi mümkündür.

Bu məqalədə Sizi müxtəlif ölkələrdə hazırlanan dəyişdirilə bilən lüləyə sahib snayper tüfəngləri ilə tanış edəcəyik.

ORSİS F-17

Bu, lüləsi əvəz edilə bilən snayper tüfəngini Rusiyanın "Promtexnologiya" şirkəti istehsal edir. ORSİS F-17 adlanan tüfəng sələfi ORSIS T-5000 silahının bazasında yaradılıb. Bu snayper silahları bütün son yeniliklərə və tendensiyalara uyğun olaraq hazırlanıb.

Model üç fərqli mərmi və lülə ilə təklif olunur:
7.62x51 mm-lik standart NATO mərmisi üçün .308 Win;
7.62x67 mm-lik yüksək güclü 300 Win. Mag;
8.6 x 70 mm-lik uzaq mənzilli xüsusi snayper məmisi .338 Lapua Magnum.

Rusiyada hazırda ORSIS F-17 tüfənginin rəqibləri mövcud deyil. Əvvəllər bənzər bir silah başqa bir Rusiya xüsusi silah şirkəti olan "Lobaev Arms" tərəfindən yaradılmışdı. Lakin ORSIS markasının xarici rəqibləri olduqca çoxdur.

Yeni ORSIS F-17 tüfənginin modulyar konstruksiyası, hətta səhra şəraitində belə, altıkünclü kiçik bir açarın köməyi ilə qısa bir zamanda lülənin və silah çapının dəyişdirilməsinə imkan verir. Bu xüsusiyyət istehsalçı tərəfindən xüsusilə vurğulanır. Adətən məşğələlərdə kiçik çaplı, real döyüşdə isə nisbətən iri çaplı mərmilərdən istifadə edildiyi ehtimal edilir.

Universal silah sinifinə aid olan ORSİS-17 tüfəngi .308 Win mərmili qısa bir lülə ilə daşınması və yaxın məsafələrə atəş açmaq üçün, yəni şəhər döyüşü üçün daha uyğundur.

.300 Win. Mag versiyasında isə tüfəng daha ciddi bir silaha çevrilir, orta məsafələrdə və antisnayper mübarizəsi üçün uygun hesab edilir.

.338 Lapua Magnum mərmisi ilə snayper, uzaq məsafələrə atəş açmaq üçün güclü və yüksək dəqiqlikli vasitəyə çevrilir. ORSIS F-17 tüfəngin qiyməti konfiqurasiyadan asılıdır. Əlavə dəyişən lülə olmadan bu modeli təxminən 7000 ABŞ dollarına, bir dəyişən lülə ilə 8000 ABŞ dollarına, tam dəst şəkildə isə 9000 ABŞ dollarına əldə edə bilərsiniz.

Ümumi uzunluğu
.308 Win -1293 mm;
.300 Win Mag - 1333 mm;
.338 Lapua Mag - 1333 mm.
Lülə uzunluğu
.308 Win - 660 mm;
.300 Win - 700 mm;
.338 Lapua Mag- 700 mm.
Atəş məsafəsi
.308 Win - 800 m;
.300 Win Mag - 1200m;
.338 Lapua Mag - 1500 m.

Optikasız və xəzinəsiz boş çəkisi 7.3 kq, bütün versiylarda xəzinə tutumu 5 mərmidən ibarətdir.

"Sako" TRG M10 (Finlandiya)

Universal snayperlərin istehsalı ilə məşğul olan digər bir şirkət Finlandiyanın "Sako" şirkətidir. "Beretta Defense Technologies" tərəfindən inkişaf etdirilən TRG M10 tüfənginin 2015-ci ildən istehsalı ilə məşğul olan şirkət bu məhsulu bir neçə modifikasiyada təklif edir. Dəyişən çaxmaqdan başqa istehsalçı bu tüfəngi fərqli çapda və uzunluqda dəyişdirilə bilən lülə ilə təmin edir.

Yeni snayper tüfənglərinin hazırda ABŞ xüsusi təyinatlı qüvvələrinin silahlanmasında mövcud olan M-24, M-40, Mk-13 tüfənglərini əvəz edəcəyi ehtimal olunurdu. Əslində bu silahların inkişafı ordu və donanmanı dəqiq və həssas silahlarla təmin etmək üçün geniş miqyaslı ABŞ müdafiə proqramının bir hissəsi idi. Yeni snayper tüfənginin yaradılması üçün baza olaraq sələfi - TRG-22 və TRG-42 tüfənglərindən istifadə edildi. "Sako" TRG M10 tüfənglərinin ABŞ Ordusu tərəfindən qəbul edilməməsi onların seriya istehsalına mane olmadı və bir çox digər ölkələr tərəfindən əldə edildi.

Müxtəlif çaplı dəyişən lüləyə malik tüfəng 3 fərqli mərmi ilə atəş aça bilir. İstehsalçıya görə, bu silah hər hansı bir vəziyyətə uyğunlaşa biləcək bir universal tüfəngdir.

"Sako" TRG M10 snayper tüfəngləri sifarişçiyə atıcının fiziki parametrlərinə uyğun nizamlanan yastıqlı taktiki qundaq ilə çatdırılır. İstəyə görə amotizatora malik iki ayaqlı dayaq ilə də təchiz edilə bilər.

Tapança dəstəyi insan anatomiyasına uyğun şəkildə hazırlanıb. "Sako" TRG M10" tüfəngini qalın əlcəkləri çıxarmadan idarə etmək mümkündür. Xəzinənin tutumu davamlı atəş aparılmasına imkan verir. Silahdan həm sağ, həm də sol əli aktiv olan atıcılar atəş aça bilir. İki sıralı xəzinə tüfəngə etibarlı şəkildə birləşdirilir, təsadüfən yerə düşməsi istisnadır. "Sako"nun hər mənada təhlükəsiz bir silah olduğunu qeyd etmək lazımdır.

Erqonomik olaraq yerləşdirilən yeni qoruyucu qısa zamanda aktiv/deaktiv rejimə keçirilə bilir. Əvvəlki 22 və 42 modellərində tətbiq edildiyi kimi, tüfəngin təsadüfən yerə düşdüyü halda təkmilləşdirilən təhlükəsizlik tədbirlərini təmin edir. Qoruyucu aktiv olduqda çaxmaq və tətik mexanizmi kilidlənir.

Tüfəng istiliyə davamlı materialdan hazırlanır, istəyə görə ayaqlar quraşdırıla bilir, Pikatinni/Viver üst lövhələri optik və ya kollimator nişangahlarının montajına imkan verir.

Konstruksiyası və TTX-sı "Sako" TRG M10 silahını yüksək səviyyəli snayper silahlarından birinə çevirir.

Ümumi uzunluğu:
.308 Win -1037mm;
.300 Win Mag - 1186 mm;
.338 Lapua Mag- 1216,5 mm. Lülə uzunluğu:
.308 Win - 509,5 mm;
.300 Win - 656mm;
.338 Lapua Mag - 689 mm. Xəzinə tutumu:
.308 Win -10 mərmi;
.300 Win Mag - 7 mərmi;
.338 Lapua Mag - 5 mərmi.

Çəkisi 6.0-6.5 kq arasında dəyişən "Sako" TRG M10 tüfənginin lüləsi paslanmayan poladdan hazırlanır. Tüfəngin uc hissəsində səsboğucu əlavə edilməsi üçün yivli hissə də mövcuddur.

Fin tüfəng istehsalçısı hissələrin dəyişdirilməsinin asanlaşdırılması və buna sərf edilən zamanın azaldılması üçün bütün komponentləri toxunma ilə ayırd etmək üçün xüşusi işarələr təmin edib.

DSR-1 (Almaniya)

Digər belə bir silah Almaniyanın AMP "Technical Services" şirkəti tərəfindən, "Erma SR-100" modelinin inkişaf etdirilməsində əldə edilən təcrübə əsasında, antiterror əməliyyatlarında istifadə üçün hazırlanan DSR-1 (Defansif Sniper Rifle 1) snayper tüfəngidir. DSR-1 "bullpup" sxeminə görə hazırlanıb, yəni xəzinə və çaxmaq bölməsi tətikdən arxada yerləşdirilib.

Tüfəng üç ədəd əvəzedilən lülə ilə təchiz oluna bilər: 308 Win., .300 Win. Mag., .338 Lapua Mag. İlk iki mərmi üçün lülə uzunluğu 650 mm, .338 Lapua Mag üçün isə 750 mm-dir. Lülə, kütləsinin azaldılması və soyudulmanın təmin edilməsi üçün uzununa en kəsiklərlə və ağız əyləci ilə hazırlanıb.

Lülə, lülə qutusuna 3 yivli bolt ilə bərkidilir, lülənin qalan hissəsi isə hər hansı digər hissə ilə əlaqə olmadan təmamilə sərbəstdir, buna "asılan lülə" də demək mümkündür, lülə keçdiyi yuvaların hesabına boşluq olmadan fiksasiya edilir.

Silahın uzunluğunu mümkün qədər qısaltmaq üçün çaxmaq 111 mm-ə qədər qısaldılıb. Buna görə də silahın yenidən doldurulması müddəti qısalıb və rahatlaşıb.

Lülə qutusunun üzərindəki lövhə hesabına silaha optik qurğuların quraşdırılması mümkündür.

Quraşdırılan lövnənin uzun olması praktiki olaraq hər cür optikadan istifədəyə şərait yaradır. Bir çoxları, bu snayperdə NSV 80 gecə görmə cihazından istifadə etməyi üstün tutur. Beləliklə, DSR-1 tüfəngi atəş və dəqiqlik itkisi olmadan bir neçə saniyə ərzində gecə atəşinə tam hazır ola bilir.

Lülə qutusunun sonunda qundağın birləşdirilməsi üçün istiqamətləndirici mövcuddur, o hərəkət edə bilir və atıcıya uyğun vəziyyətdə bərkidilir.

Qundaq çıxarıla bilir və onun 4 sm üfiqi hərəkət etmək imkanı mövcuddur. Qundağın amortizasiya edən çiyin dayağı şaquli istiqamətdə 4.5 sm hərəkət edə bilir və tənzimlənə bilən çiyinlərlə təchiz olunub. Qundaqda 17 sm açıla bilən iki pilləli dayaq qolu da mövcuddur. Lülə qutusu üzərində hündürlüyə görə vəziyyəti 20 mm dəyişə bilən, yanaq üçün sərt olmayan və dəridən hazırlanan yastıq mövcuddur.

Atıcı tətik mexanizmi tətikdən, dırnaqdan (şeptalo), tətik qolundan və qoruyucudan ibarətdir.

Tətiyə göstərilən təzyiq də tənzimlənir. Tapança dəstəyi yalnız sağ əlli atıcıların atəş açmasına imkan verir. Qoruyucu isə 3 vəziyyətdə fiksasiya olunur:

Qoruyucunun yuxarı vəziyyətində silah atəş açmağa hazırdır;

Qoruyucunun orta vəziyyətində tətik bağlanır, lakin silah doldurula və ya boşaldıla bilər;

Qoruyucunun aşağı vəziyyətində həm çaxmaq, həm də tətik bağlanır.

.308 Win, .300 Win. Mag., və ya .338 Lapua Mag mərmilərindən istifadə edən DSR-1 uyğun dəyişən lülələrə malikdir. Onun birsıralı xəzinələrinə .308 Win və .300 Win. Mag. mərmilərindən 5 ədəd, .338 Lapua Mag mərmisindən isə 4 ədəd yerləşir.

Ümumi uzunluğu:
.308 Win - 990 mm;
.300 Win Mag - 990 mm;
.338 Lapua Mag - 1090 mm. Lülə uzunluğu:
.308 Win - 650 mm;
.300 Win - 650mm;
.338 Lapua Mag - 750 mm. Xəzinə tutumu:
.308 Win - 5 mərmi;
.300 Win Mag - 5 mərmi;
.338 Lapua Mag- 4 mərmi.
Atəş məsafəsi:
.308 Win - 800 metr;
.300 Win Mag - 1100 metr;
.338 Lapua Mag - 1400 metr.

DSR-1 snayper tüfənginin boş çəkilsi hər 3 versiyada 5,9 kq-dır.

Hərbi ekspert Ədalət Verdiyev

Mənbə: ordu.az