Ekspert: Milli Televiziya və Radio Şurası haradadır ?

 Ekspert: Milli Televiziya və Radio Şurası haradadır ?

Xeberler.az olaraq sentyabrın 16-da Azərbaycan televiziya və radio kanallarının birgünlük yayımını dayandıracağı haqda məlumat vermişdik. Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Müharibə şəraitində olan bir ölkədə efir məkanının tam söndürülməsi və hətta bunun qabaqcadan elan edilməsi hansı məntiqə sığır ?

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi yenə elan edib ki, sentyabrın 16-da Azərbaycanın efir məkanında profilaktika işləri aparılacaq.

Bununla əlaqəli həmin tarixdə saat 06:00-dan 15:00-dək telekanal və radioların yayımı dayandırılacaq.

Yenə “həmin kordinat həmin dalğadır”. Son zamanlar bu ifadədən tez-tez istifadə etməyə başlamışam. Çünki görünür bəzi dövlət qurumuları, inhisarçı qurumlar köhnə prinsiplərini dəyişmək istəmirlər.

Teleradio İstehsalat Birliyi inhisarçı dövlət qurumdur, texniki cəhətdən yayım siqnallarını göndərən yeganə qurumdur. Hansı ki, kefi nə zaman istəyir göndərə də bilər, sanitar günü elan edib göndərməyə də bilər.

Efirə cavabdeh dövlət qurumu olan Milli Televiziya və Radioyayım Şurası isə sanki yoxdur. Teleradio inhisarçısının belə absurd açıqlamalarına və hərəkətlərinə heç bir reaksiya yoxdur. Hökumətə heç bir təklifi də yoxdur.

16 sentyabr tarixi ölkədə əhəmiyyətli bir gündür. İlk dərs günü başlayacaq. Yüz minlərlə uşaqlar ilk gün dərsə gedəcək. Güman ki, ölkə rəsmiləri də tədbirlərdə iştirak edəcəklər.

Amma Teleradio və MTRŞ deyir ki, bunun bizə dəxli yoxdur . Biz gərək qrafik üzrə avadanlıqların tozunu silək.

Həm də cəmi iki il öncə məlumat verilmişdi ki, alternativ bir teleqüllə də tikilib və hətta dövlət vəsaitləri də ayrılıb. Bunun da məhz profilaktikanın qarşısını almaq, dayanıqlı informasiya təminatı üçün qurulduğu bildirilirdi. eTender saytına nəzər salamq kifayətdir ki, Teleradio inhisarçısının nə qədər vəsaitlər aldığını görəsən.

Bəs nə baş verdi ?
Hara yox oldu alternativlər. Bu qədər resurslara malik ölan ölkənin Teleradio yayımı nə üçün söndürülməlidr axı ?
Müharibə şəraitində olan bir ölkənin, əhəmiyyətli bir gündə bütün efirini söndürmək nə dərcədə doğrudur ?
Əgər, həmin gün internet bağlantısı da yox olarsa təsəvvür edirsinzimi bunun fəsadları necə ola bilər ?

Dəfələrlə bu haqda yazılıb, amma nəticə yoxdur.
İndi mən sual edirəm ölkənin informasiya siyasətinə, MTRŞ fəaliyyətinə nəzarət edən Prezidentin köməkçisi hörmətli Əli Həsənova.

Nə üçün bizim milli informasiya resurslarımz ildə bir neçə dəfə tam susmalıdır?

Nə üçün xüsusi, əhəmiyyətli günlərdə efir yayımı dayanmalıdır?

Alternativlərdən nə üçün istifadə edilmir ?

Qəribədir ki, müharibə şəraitində olan bir ölkədə bunu qabaqcadan elan etməklə həyata keçirirlər. Bu nə dərəcədə doğru bir yanaşmadır ?

Ölkəmizin şimal-qərbində, cənubunda, sərhəd bögəsində qonşu ölkələrin teleradio qurumları meydan sulayır. Bizim ümumrespublika radiolarımız sərhəd bölgələrində keyfiyyətli fəaliyyət göstərə bilmirlər. Biz efir məkanımıza yetrəincə nəzarərt edə bilmirik.

Belə olan halda məhdud resurslarımızın da dayandırılması nə dərəcədə doğrudur ?
Düşünürəm ki, bu sahədə işlərə yenidən nəzər salmaq lazımdır. İnformasiya siyasətimiz müasir tələblər baxımından yenidən işlənməlidir.

Əlbəttə, qlobal dünyada çox çətindir milli informasiya məkanı formalaşdırmaq. Amma düşünürəm ki, biz efir məkanımıza, informasiya fəzamıza nəzarətlə bağlı bizdən asılı olan bütün imkanlardan maksimum istifadə etməliyik.

Efirin, infomasiya fəzasının dayanıqlığı üçün real alternativlər qurulmalıdır, bunun üçün zəruri resurslar ayrılmalıdır.
MTRŞ və Teleradio inhisarçısının qarşılıqlı münasibətləri yenidən tənzimlənməlidir".

Mənbə: xeberler.az