B.EST Solutions Beynəlxalq tədbirdə iştirak edib

 B.EST Solutions Beynəlxalq tədbirdə iştirak edib

Nordik Qarşılıqlı Təsir üzrə Həllər İnstitutu (NQTHİ) X-Road cəmiyyəti ilə birlikdə 2019-cu ilin sentyabr ayında Helsinki şəhərində X-Road texnologiyasının istifadəsilə maraqlanan hər kəs - X-Road istifadəçiləri və ya X-Road texnologiyasını istifadə etməklə xidmətlər yaradanlar, açıq kodlu X-Road proqramının və ya onunla əlaqəli komponentlərin yaradıcıları, X-Road mühiti və ya serverlərinin operatorları, eləcə də qərarları qəbul edən şəxslər, X-Road texnologiyası ilə maraqlanan elektron idarəçilik üzrə ekspertlər üçün nəzərdə tutulmuş beynəlxalq tədbiri təşkil etmişdir.

Xeberler.az məlumat verir ki, Nordik Qarşılıqlı Təsir üzrə Həllər İnstitutu (NQTHİ) Estoniya və Finlandiyanın birgə əməkdaşlığı nəticəsində yaradılan assosiasiyadır. Onun missiyası elektron hökumət infrastrukturu üçün X-Road və digər transsərhəd komponentlərin işlənib hazırlanması və strateji idarə edilməsinin təmin edilməsindən ibarətdir.

Tədbirdə təhlükəsiz X-Road konfiqurasiyasının istifadəsilə birlikdə verilənlərin mübadiləsi üzrə dövlət və özəl transsərhəd layihələrindən əsas nümunələr, İsveç, Estoniya, İslandiya və Finlandiyanın X-Road tətbiqinin ən yaxşı təcrübələri, bu texnologiyanın texniki olaraq işlənib hazırlanması və onun tətbiqinin gələcək perspektivləri təqdim edilmişdir.

Müvafiq sessiyalarda və seminarlarda iştirak edən B.EST Solutions şirkətinin nümayəndələri 22 ölkədən olan iştirakçılar ilə birlikdə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində X- Road texnologiyasından istifadə edən ölkələr arasında transsərhəd elektron xidmətlərin inkişaf etdirilməsi üsulları, perspektivləri və imkanları öyrəndilər, paylaşdılar və fəal şəkildə müzakirə etdilər.

B.EST Solutions, “Asan İmza” xidmətlərinin Azərbaycandakı təchizatçısı kimi X-Road və onunla əlaqəli texnologiyanı öyrənən, tətbiq edən 10-dan çox saat qurşağı ölkələrinin və 30-dan çox ölkənin nümayəndələrini özündə birləşdirən qlobal X-Road birliyinin üzvüdür. X-Road birliyi başqalarından öyrənən, həm texniki, həm də işgüzar planda daha keyfiyyətli xidmətlərin yaradılmasında bacarıq və təcrübələrini bölüşən bir platformadır.

Mənbə: xeberler.az