“Google” şirkəti Danimarkaya sərmayə yatırır

“Google” şirkəti Danimarkaya sərmayə yatırır

Stokholm, 21 sentyabr, AZƏRTAC

Amerikanın “Google” şirkəti özünün “yaşıl” texnologiyalardan istifadə üzrə strategiyası çərçivəsində Avropa günəş batareyaları parklarına 1 milyard dollardan artıq sərmayə qoyacağı barədə elan edib. Bu parklardan beşi Danimarkada inşa ediləcək.

AZƏRTAC xəbər verir ki, “Google” şirkətinin yeni layihəsi sərmayələrin təkcə Danimarkaya deyil, həmçinin Finlandiya, İsveç və Belçikaya da yatırılmasını nəzərdə tutur.

Şirkət Danimarkada günəş enerjisinin alınmasından ötrü ümumi gücü 160 meqavat olan beş park tikəcək.

Tikinti planına müvafiq olaraq, ilk üç park artıq 2020-ci ilin yayında istismara veriləcək, qalan iki park isə həmin ilin sonunda hazır olacaq.

Yeni planların həyata keçməsi “Google” şirkətinin külək və günəş enerjisi barədə qlobal sazişlər portfelini azı 40 faiz – 5500 meqavatadək artırmağa şərait yaradacaq ki, bu da günəş panelləri ilə təchiz edilmiş bir milyon damın gücünə bərabərdir.

Qeyd edək ki, günəş enerjisinin alınmasından ötrü yeni parkların tikintisində Danimarkanın “European Energy A/S” və “Better Energy A/S” şirkətlərinin texnologiyasından istifadə ediləcək.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az