13 min il əvvəl Yerə düşən iri asteroid qədim insanları və mamontları məhv edib-ARAŞDIRMA

13 min il əvvəl Yerə düşən iri asteroid qədim insanları və mamontları məhv edib-ARAŞDIRMA

Cənubi Afrikanın Limpopo vilayətində alimlər Yerə 12.800 il əvvəl düşən nəhəng asteroidin yeni izlərinə rast gəliblər. Sonxeber.az xəbər verir ki,alimlər bu tip izləri dünyanın müxtəlif bölgələrində tapırlar. Ehtimal edilir ki, bu izlər nəhəng asteroidin qalıqlarının səpələnməsindən yaranıb.
Meteorit və asteroidlərin tərkibində çox miqdarda platin olur. Bu maddəyə Yer kürəsində təbii şəraitdə nadir hallarda rast gəlmək mümkün olur.
Alimlərin fikrinə görə, sözügedən asteroid Qrenlandiya ərazisinə düşüb. Məhz 2018-ci ildə burada eni 19 mil olan nəhəng krater tapılıb.
Alimlərin fikrinə əsasən, belə bir asteroidlə toqquşmadan Yer kürəsində buzlaşma dövrü başlayıb. Nəticədə nəhəng antiloplar, Avropadakı mamontların bir çoxu və onlarla digər canlı məhv olub.
Eyni zamanda insanlara da ciddi ziyan dəyib. Şimali Amerikanın klovis mədəniyyəti məhv olub. 12.800 illik arxeoloji qatlarda bu mədəniyyətin artefaktları aşkar edilib.
Alimlərə 12 min il əvvəl Yer kürəsində soyuqların düşməsi məlum idi. Bu soyuqlar faunanın məhv olması ilə müşayət olunub və 100 il davam edib.
Bunun səbəbinin asteroidlə toqquşma olduğu barədə ilk dəfə fikir 2012-ci ildə səslənib. Bu zaman isə krateri Kanada ərazisində axtarmaq təklif edilib. ABŞ ərazisində isə eyni dövrə uyğun platin qatı tapılıb. Sonradan eyni qat Çilidə və digər ərazilərdə tapılıb. Çilidə 12.800 il əvvələ aid mikroskopik kürələr də kəşf edilib.
Artıq alimlər bu tarixi tapmacanı açmağa yaxınlaşıblar. Qrenlandiyaya düşən nəhəng asteroidin platin qalıqları Amerika, Avropa və Afrikaya düşüb. Öz tozu ilə 100 il günəşin qarşısını kəsib və qlobal Fəlakətə səbəb olub.
Qeyd edək ki, Türkiyə ərazisindəki Göbəkli-Təpə məbəd kompleksində də iki il əvvəl tapılan şəkillərdə Yerə 13 min il əvvəl düşən asteroid həkk olunub.

Mənbə: sonxeber.az